Üzərindən sirr pərdəsi götürülməmiş “sürücü” avtomobillərində rekorda imza atmaq yaxşı reklam fəndidir. Avtomobil istehsalçıları belə fənddən artıq dəfələrlə istifadə ediblər. Yəni, ictimayyətə sadəcə yeni avtomobili deyil, həm də yeni çempionu təqdim edirsən. İki ildir ki, bizi ilk M3 Touring modeli ilə qıcıqlandıran BMW şirkəti də, “bərkgedən” universalın təqdimatından öncə M3 Touring modelini Nürburqrinə çıxarıb və onun bu trekin ən yeyin seriya universalı olduğunu bildirib. Üstəlik, bunun təsdiqi olan video görüntüləri də təqdim edib.
Beləliklə, alman şirkətinin zavod pilotu Yorq Vaydingerin idarə etdiyi BMW M3 Touring modeli 20,83 kilometrlik treki 7 dəqiqə 35,060 saniyəyə , qısa 20,6 kilometrlik variantı isə, 7 dəqiqə 30,300 saniyəyə qət edib - bu, 612 at qüvvəli Mercedes-AMG E 63 S Estate modelinin göstəricisindən 10 saniyə daha yeyindir. Üstəlik, onun həm də Honda NSX, BMW M5 Competition (F90) və Lamborghini Gallardo LP 570-4 Superleggera superkarından daha yeyin olduğu ortaya çıxıb. Qeyd etmək gərəkdir ki, videoda Bavariya istehsalçısı bütün gedişi deyil, tədbir haqqında belə desək, qısa hesabatı nümayiş etdirib.
Rekord cəhdində iştirak edən “bərkgedən” universal yüngül kamuflyaj örtüyünə malikdir, buna baxmayaraq, örtüyün altında istehsala tam hazır olan avtomobilin olduğunu nəzərə almaq gərəkdir. Xatırladaq ki, BMW markasının ilk “bərkgedən” M3 Touring universalının debütü 23 iyunda Qudvudda keçirilən Sürət Festivalında baş tutacaqdır. Universal hətta, Qudvudda keçirilən ənənəvi təpyəqalxma yarışlarında da iştirak edəcəkdir. Bu yarışda M3 Touring ilə birlikdə M4 CSL kupesi də iştirak edəcəkdir.
BMW M3 Touring universalının texniki cəhətdən Competition versiyalarında olan hazırkı M3 və M4 modellərini təkrarlayacağı gözlənilir. Bu o deməkdir ki, universalın kapotunun altında 510 at qüvvəsi və 650 Nm fırlanma anı hasil edən malik 3,0-litrlik “biturboaltılıq”yerləşəcəkdir. Güc aqreqatı səkkiz pilləli Steptronic Sport “avtomatı” və xDrive tam ötürməsi ilə birlikdə çalışacaqdır. M3 adi 3 Series universaldan genişləndirilmiş təkər tağları, iri diffuzoru, “dördlüləli” buraxılış sistemi və Görni çəpərcikləri olan spoyler ilə fərqlənəcəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.