Yeni Q6 e-tron modelinin hələ 2023-cü ildə debüt edəcəyi gözlənilsə də, proqram təminatı ilə bağlı problemlərə görə, onun təqdimatı 2024-cü ilə təxirə salınmışdı. Nəhayət ki, Audi elektrokarın təqdimata hazır olduğunu bildirərək, onun debüt tarixini açıqlayıb: yeni model Avropada martın 18-də, Çində isə martın 19-da təqdim olunacaq.Modelin interyeri artıq tamamilə məxfilikdən çıxarılıb, zahiri cəhətdən isə, Q6 e-tron keçən ilin payızında təqdim edilmiş seriyaöncəsi prototipdən elə də fərqlənməyəcək.

Audi Q6 e-tron fərdiləşdirilmiş “işıq imzasını” əldə edəcək – müştərilər ön və arxa fənərlərin naxışını seçə biləcəklər. İşıqlar əvvəlcədən müəyyən edilmiş alqoritmə uyğun olaraq, hər on millisaniyədən bir yeni görüntü yaratmağa qadir olan 360 seqmentli OLED panellərdən ibarətdir. Ön tərəfdə isə, parlaqlığı tənizmlənən 12 seqmentli optika var ki, o da avtomobilin unikal “işıq imzasını” yaradır.

Qabaqcıl optikanın digər hərəkət iştirakçıları ilə “ünsiyyət qurmağa” şərait yaratdığı da bildirilir – məsələn, işıq animasiyadan istifadə etməklə, qarşıdan gələn avtomobilin sürücüsünü yoldakı təhlükələr barədə xəbərdar etmək mümkündür.

Audi Q6 e-tron modeli Porsche Macan modelinin də inşa edildiyi Premium Platform Electric (PPE) platformasına əsaslanır. İlkin məlumatlara görə, Audi Q6 e-tron elektromobilinin 12 moduldan ibarət olan 100 kilovat-saatlıq batareyanı alacağı məlum olub.

Audi şirkətinin hesablamalarına görə, 10 faizdən 80 faizə qədər enerji yığmaq yarım saatdan az vaxt aparacaq, 10 dəqiqəlik şarj isə, yürüş məsafəsini 250 kilometr artıra bilər. Q6 e-tron enerji doldurulmadan 600 kilometr qət etməyə qadirdir.

Audi Q6 e-tron modelini iki modifikasiyada təklif ediləcək. Baza versiyası ümumi gücü 375 at qüvvəsi olan iki elektrik mühərriki ilə təchiz ediləcək. Bu halda, hasilatı qısa müddətə 396 at qüvvəsinə qədər artırmaq olar. Daha güclü variant 483 at qüvvəsinə, Boost rejimində isə, 510 at qüvvəsinə malik olacaq. Belə bir elektromobil yerindən 100 km/saat həddinə təxminən 4,5 saniyəyə sürətlənəcək..

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.