Amerikan brendinin satışları Çin bazarı də daxil olmaqla, bütün dünyada aşağı düşüb. Tesla uzadılmış təkər bazası və altı oturacaqlı salonu olan xüsusi versiyanı buraxmaqla öz bestsellerinə marağı artırmaq istəyir. Yenilik YL indeksini alacaq və 2025-ci ilin payızında debüt edəcək. Bu barədə xəbəri, Tesla şirkətinin Çin ofisinə istinad edən “Car News China” nəşri yayıb.
Tesla hələlik "uzadılmış" Model Y krossoverinin heç bir təfərrüatla müşayət olunmayan bir neçə tizerini dərc edib. Bununla belə, Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin (MIIT) məlumat bazasında bəzi təfərrüatllar aşkar olunub.

Beləliklə, Model YL krossoverinin uzunluğu 4976 millimetr (+179 millimetr), eni - 1920 millimetr, hündürlüyü - 1668 millimetr (+44 millimetr), təkər bazası isə, 3040 millimetr olacaq ki, bu da adi elektromobildə olduğundan 150 millimetr çoxdur. Altı oturacaqlı versiyanın çəkisi də artacaq: elektrokarın boş çəki 96 kiloqram artaraq 2088 kiloqrama çatacaq.
Güc qurğusunun tərkibinə iki elektrik mühərriki daxil olacaq: öndəki - 193, arxadakı isə, 269 at qüvvəsi hasil edəcək. İkimühərrikli qurğunun pik gücü 456 at qüvvəsi olacaq – bu, adi versiyada olduğundan 6 at qüvvəsi çoxdur. Bu hələlik MIIT verilənlər bazasında qeydə alınmış yeganə versiyadır.
YL versiyasının maksimal sürəti də göstərilib - 201 km/saat. Ənənəvi olaraq, şirkət batareyanın tutumunu açıqlamayıb. Yalnız avtomobilin LG şirkətinin üçkomponentli NMC batareyasını (nikel-manqan-kobalt) alacağı qeyd olunur.
Model Y uzun müddətdir ki, Çində Tesla satışlarının drayveri olub, lakin yanvar ayında təqdim edilən yenilənmiş Juniper versiyası o qədər də yaxşı nəticələr göstərməyib. Bu ilin yanvar-iyun aylarında çinlilər 171,5 min ədəd Model Y krossoveri alıblar ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,5% azdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.