Tesla Cybertrack pikapının mübahisəli görkəmə malik olduğuna şəkk etməmək üçün Afrikadakı buşmen və qotentotlara baxmaq gərək deyil – adi Rivian pikapına baxmaq kifayət edər. Buna baxmayaraq, elektrik pikapının təqdimatından 48 saat keçdikdən sonra Tesla şirkətinin başçısı İlon Mask pikap üçün 146 min sifariş qəbul edildiyini bildirib. İş adamı həmişəki kimi bu şad xəbəri ictimayyətlə Twitter sosial şəbəkəsindəki səhifəsində bölüşüb.
Amma gəl ki, bu sifarişlari tamölçülü adlandırmaq olmaz – hər sifarişçi Maska 100 dollar beh verərək pikap almaq istədiyini bildirib. İstənilən halda, İlon müəllim arzuladığı effekti əldə edib. Bir də ki, 14,6 milyon dollar Maskın cibini deşmik ki! Amma, deyilənlərə görə, Mask bir qədər təvəzökarlıq edib – guya, əslində sifarişlərin sayı 200 mini keçib.
Üstəlik, Mask tvitində bu sifarişləri reklama və malı təbliğ etməyə bir sent belə xərcləmədən yığdığını xüsusi ilə qeyd edib. Qeyd etmək lazımdır ki, modelin təqdimatı sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub. Bu da, öz növbəsində o qədər memlərin əmələ gəlməsinə səbəb olub ki, dünyada bu pikapdan agah olmayan qalmayıb.
Daha bir maraqlı detal sifarişlərin bölünməsidir. Mask, iki və üç mühərrikli pikapları sifariş edən alıcıların xüsusi çəkisinin 42 və 41 % olduğunu bildirib. Pikapın bir mühərrikli, kasıbmalı versiyasını isə cəmi 17% sifariş edib. Məlumdur ki, zaman keçdikcə bir çoxları öz behlərini geri tələb edəcəklər, baxmayaraq ki, Mask pikapın istehsalının 2021-ci ildə kimi başlanacağını vəd edib. Deyilənə görə, o zamana pikapın 800 at qüvvəli versiyası da işıq üzü görməlidir.