Tesla şirkəti, 2019-cu ilin noyabr ayında debüt etmiş Cybertruck elektrik pikapına, onun təqdimatından dərhal sonra sifarişləri yığmağa başlayıb. O zaman, istehsalçı ilk seriya pikaplarının sifarişçilərə 2021-ci ilin sonunda çatdırlmasına başlanacağını da vəd etmişdi.
Pikapın debütündən bir neçə ay sonra, İlon Mask müraciətlərin sayının 250 mindən çox olduğunu və sifariş edilmiş avtomobillərin müştərilərə çatdırılmasının üç-dörd il çəkə biləcəyini açıqlamışdı. Bunun səbəbi isə, Cybertruck modelinin istehsalı üçün nəzərdə tutulmuş müəssisələrin qısa müddət ərzində bu qədər avtomobili yığmağa imkan vermədiyi olub.
Bir neçə həftə bundan əvvəl, şirkət gələcək Tesla modellərinin təchiz ediləcəyi yeni 4680 formatlı hüceyrələri olan batareyaların istehsalının təşkili ilə bağlı problemlərin olduğunu, həmçinin Model Y krossoverlərinin bu ilin sonuna qədər Texas və Berlin şəhərlərindəki zavodlarda istehsalına başlamağı planlaşdırdığını elan edib. Cybertruck pikapının (habelə çoxdan vəd edilmiş Roadster modeli və Semi yük avtomobilləri) prioritet modellər siyahısında olmadığını nəzərə alsaq, onun istehsalın yenidən təxirə salındığını güman etmək olar.
Artıq Tesla şirkəti elektrik pikapların istehsalının başlamasının təxirə salınmasını rəsmən təsdiqləyib: Cybertruck modelinin yenilənmiş onlayn konfiquratorunda, avtomobilin konfiqurasiya edilməsini istehsalın başlanmasına yaxın zamanda başa çatdırmağın mümkün olacağı bildirilir. İstehsalın başlanması isə 2022-ci ilə planlaşdırılır.
Tesla şirkətinin inkişaf üzrə vitse-prezidenti Lars Moravi Cybertruck modelinin istehsala hazır olmadığını bildirib. Mühəndislər ilin sonuna qədər pikapın üzərində işləməlidirlər. Eyni zamanda, top menecer Cybertruck pikapı ilə Model Y krossoverinin ümumi hissələrə malik olacaqlarını da söyləyib.
Təəssüf ki, şirkət hələ də dəqiq tarixləri açıqlamayıb - ilk əmtəə pikaplarının müştərilərə 2022-ci ilin sonunda, yəni sifarişlərin qəbulundan üç il sonra təhvil veriləcəyi ehtimal olunur.
Belə çıxır ki, Roadster modelinin satışlarının başlaması ən azı 2023-cü ilə qədər təxirə salınıb. Bundan əlavə, əvvəllər elan edilmiş planlara uyğun olaraq, əvvəlcə Tesla bütün gücünü Semi layihəsinə yönəldəcəkdir. Hazırda istehsal edilən modellərin yenilənməsinə də başlanılmalıdır. Buna görə də, 2017-ci ildə Roadster modelinə sifarişi rəsmiləşdiilmiş müştərilər onu yalnız yeddi-səkkiz ildən sonra ala biləcəklər.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.