Tesla şirkəti, 16 noyabr tarixində markanın Hotorndakı dizayn mərkəzində təqdim ediləcək elektrik yük avtomobilinin yeni tizerini dərc edib. Fotoşəkil, şirkətin kütləvi informasiya vasitələrinin redaktorlarına göndərdiyi dəvətnamədə çap edilibdir. Bu barədə məlumatı TechCrunch nəşri yayıb.
Əvvəlki tizerlərdə olduğu kimi, Tesla şirkəti yük avtomobilinin əsas dizayn elementlərini nümayiş etdirib. Şəkildə aerodinamik kabina, işıqdiodlarından optika və panoram tipli alın şüşəsi təsvir edilib. Buna baxmayaraq, Tesla yük avtomobilinin texniki xarakteristikaları açıqlanmayıb. Yeganə məlum olan onun 321 – 482 kilometr arasındakı yürüş ehtiyatıdır. İlon Mask yük avtomobilinin idman avtomobili kimi idarə olunacağını da bildirib.
Tesla şirkətinin elektrik yük avtomobili buraxacağı haqqında ilk məlumat bu ilin yazında peyda olub.
Bu haqda İlon Mask özünün Twitter sosial şəbəkəsindəki səhifəsində yazmışdı. Yeni avtomobilin 26 oktyabr tarixində təqdimatı gözlənilsə də, Model 3 sedanı ilə problemlər yaşayan şirkət təqdimatı 16 noyabr tarixinə keçirib.