Bu günə qədər Tesla şirkəti öz elektromobillərini ümumi qanunlara zidd olaraq yeniləyib: texniki hissə dəyişdirilsə də, elektrokarların görünüşü praktiki olaraq toxunulmaz qalıb. Lakin bu dəfə baş verən yenilənmə tamamilə fərqlidir. Yenilənmiş Tesla Model 3 sedanı, ilk növbədə, aqressiv simaya sahib olub! Altı illik istehsal müddətindən sonra, Model 3 aqressiv görünüşə malik olub. Avtomobilin ön hissəsi, o cümlədən fənərlər, qanadlar, kapot və bamper də daxil olmaqla, tamamilə yenidir.
Arxa tərəfin dizaynı da yenilənib, lakin buradakı dəyişikliklər ön tərəfdəki qədər radikal deyil: C formalı işıqlar, fərqli baqaj qapağı və bamper peyda olub, emblem əvəzinə isə, indi sadəcə brendin adı var. Avadanlıq siyahısına yeni təkər diskləri (18 və ya 19 düymlük), kuzovun rəng platitrasına yeni çalarlar (Ultra Red və Stealth Grey) daxil edilib. Yeni aerodinamik dayaq sedanın uzunluğu 4694-dən 4720 millimetrə qədər artırıb. Klirens isə əksinə 2 millimetr azalaraq 138 millimetr olub.
Salon tamamilə yenidir. İnteryerdəki minimalizm ruhu bir qədər də gücləndirilib. Məsələn, böyük S və X modellərində olduğu kimi, Model 3 sükanaltı dəstəkləri itirib: dönmə siqnallarının, işıqların və digər funksiyaların idarə edilməsi yeni sükan çarxının qollarında yerləşdirilib. Transmissiyanın rejimlərinin dəyişdirilməsi funksiyası mərkəzi displeyə köçürülüb. Ekranın ölçüsü dəyişməyib (15,4 düym), lakin çərçivəsi nazikləşib.
Tesla tərtibatın keyfiyyətini yaxşılaşdırdığını iddia edir: ön paneldə və qapılarda yumşaq əlavələr və kontur işıqlandırması elementləri peyda olub. Səs izolyasiyası yaxşılaşdırılıb, ikiqat şüşələr indi təkcə öndə deyil, arxa qapılarda da quraşdırılıb. Arxa şüşə eyni texnologiyadan istifadə edilməklə hazırlanır.
Ön oturacaqlar havalandırma funksiyasını da ala bilərlər, ən bahalı səs sisteminin isə on dörd deyil, on yeddi dinamiki var. Arxa sərnişinlər üçün indi ayrıca səkkiz düymlük sensor ekran quraşdırılıb: o, iqlimə nəzarət və multimedia sistemlərinin funksiyalarını özündə birləşdirir.
Texniki hissədəki dəyişikliklər barədə məlumat yoxdur. Hələlik yenilənmiş Tesla Model 3 yalnız iki versiyada təqdim olunur - arxa ötürməli RWD (264 at qüvvəsi, 340 Nm) və tam ötürməli Long Range AWD (450 at qüvvəsi, 559 Nm). Bu versiyaların pasport üzrə 100 km/saata sürətləndirilməsi müddəti dəyişməyib - müvafiq olaraq, 6,1 və 4,4 saniyə.
Digər tərəfdən, optimallaşdırılmış aerodinamika (Cd əmsalı 0,225-dən 0,219-a endirilib) və bir sıra proqram təkmilləşdirmələri dolu batareya ilə yürüş məsafəsini artırmağa imkan verib. Arxa ötrüməli versiyanın mənzili 491-dən 513 kilometrə (WLTP dövrünə görə), Long Range AWD modifikasiyasının isə 602-dən 629 kilometrə qədər artıb. Yenilənmiş Performance top versiyası daha sonra debüt edəcək.
Maraqlıdır ki, hələlik yalnız Çin istehsalı olan Model 3 elektrokarları modernləşdirilib: yenilənmiş elektromobillərin Şanxaydakı zavoddakı istehsalına artıq start verilib, buna görə də, yenilənmiş sedanlara sifarişlər hələlik yalnız Çin və Avropada qəbul edilir (Model 3 Avropaya Çindən idxal edilir).
Yenilənmiş Tesla Model 3 elektrokarının Almaniyadakı satış qiyməti 43 min avrodan başlayır, Long Range AWD versiyası üçün isə 52 min avro tələb olunur. Çində qiymətlər müvafiq olaraq 260 min və 296 min yuan (33 min və 38 min avro) təşkil edir. Səma İmperatorluğundakı satışlara oktyabr ayında başlamaq planlaşdırılır. Amerikada isə yenilənmiş elektrokarların istehsalına daha sonra başlanmalıdır. Hazırda, ABŞ-da, yenilənmədən əvvəlki Model 3 elektrokarına 5000 dollara qədər endirim tətbiq olunur.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.