Tesla şirkəti Model S elektrokarının 390 mil (628 kilometr) yürüş ehtiyatı olan Long Range Plus modifikasiyasını fevral ayında təqdim etmişdi. Bu modifikasiya 373 mil, yəni 600 kilometr yürüş ehtiyatı olan Long Range modifikasiyasını əvəzləmişdi. O zaman, İlon Mask tezliklə elektrokarın yürüş məsafəsini 400 milə (647 kilometr) qədər artıracağına söz vermişdi.
İlon sözünün üstündə durmağı bacaran şəxsdir və verdiyi vədə əməl edib. Bu günlərdə Tesla şirkətinin konfiquratorunda belə bir yürüş ehtiyatına malik olan Model S Long Range Plus elektrokarını sifariş etmək olar. Özü də, bu sərt amerikan EPA standartına əsasən bəyan edilmiş məsafədir. Üstəlik, buna batareyanı dəyişmədən nail olunub. Elektrokar əvvəlki kimi 100 kilovat-saatlıq batareya ilə təchiz edilir.
Şirkət, faktiki olaraq, 400 mil həddinin əldə edilməsini Tesla Model S Long Range Plus modelinin kütləvi istehsalı ilə əlaqələndirilib. Bu həddin təsdiqlənməsi üçün EPA tərəfindən dəqiq testlərin aparaılması tələb olunurdu. Yeri gəlmişkən, bu testlərin aparılması üsulu ucbatından şirkət ilə agentlik arasında gərginlik də yaşanıb.
Elektrokardakı yaxşılaşdırmalar çəkinin azaldılmasından ( oturacaqlar, batareya və ötürmə modulları optimallaşdırılıb), yeni təkər diskləri və şinlərin tətbiqindən, ön və arxa ötürmə modullarında mexaniki itkilərin azaldılmasından (arxada yağ nasosu, öndə reduktor) ibarətdir. Bundan başqa, regenerative əyləcləmənin səmərəliliyinin artırılması da yürüş məsafəsinin artırılmasına öz töhfəsini verib.
Ən maraqlısı odur ki, ABŞ-dan fərqli olaraq, Avropada Tesla Model S Long Range Plus modelinin yürüş məsafəsi WLTP standartına əsasən 610 kilometr olaraq qalır. Çox güman ki, məsələ sertifikatlaşdırma üsulu ilə bağlıdır.