Londonda yerləşən Niels van Roij Design dizayn-studiyası Tesla Model S elektrokarının shooting brake (“şutinq-breyk”) kuzovlu variantının tizerlər seriyasını dərc edib. Gələn ilin mart ayında təqdim ediləcək avtomobilin inşası RemetzCar holland kuzov atelyesinə həvalə olunub.
Dizaynerlər “şutinq-breykin” estetik gözəlliyi ilə universalın praktikliyinin vəhdətini yaratdıqlarından əmindirlər. Onlar təklif etdikləri dizaynın avtomobilin görkəminə dinamiklik və yüngüllük bəxş etdiyini, həmçinin “avtomobilin vizual çəkisini azaltdığını” iddia edirlər. Əvvəllər hollandiyalılar Model S universalının eksklyuziv interyerə və xüsusi opsiyalara malik olacağını, eyni zamanda, beşqapılı konstruksiyanı qoruyub-saxlayacağını bildiriblər. Şirkət cəmi 20 ədəd universal buraxmaq niyyətindədir.
Keçən il RemetzCar firması Van der Lans & Busscher BV mərasim bürosunun sifarişi ilə Tesla Model S modelinin bazasında katafalk inşa etmişdir.
Şirkət mütəxəssislər avtomobilin şassisini 80 millimetr uzadaraq, mərkəzi dayağın arxasında tabut üçün yük yeri quraşdırmışdılar. Dəyişikliklər nəticəsində elektrokarın uzunluğu 774 millimetr artaraq 5770 millimetrə bərabər olmuşdur.