Tesla şirkəti Model S və Model X modellərinin yeni modifikasiyalarını hazırlamışdır. Bu modifikasiyalar 100D adlandırılmışdır. Diqqət yetirsəniz, indeksin əvvəlindəki ənənəvi P hərfinin yoxa çıxdığının şahidi olarsınız.
Yeni modifikasiyalar əsasən P100D modellərindən artırılmış yürüş məsafəsi ilə seçilirlər.
Belə ki, Tesla Model S sedanının yürüş məsafəsi 30 kilometr artaraq 539 kilometrə bərabər olmuşdur. Model X krossoveri isə, dolu batareyalarla 475 kilometr qət etməyə qadirdir ki, bu da P indeksli modeldə olduğundan 10 kilometr çoxdur. Tesla Model S 100D modeli 96 km/saat həddinə 4,2 saniyəyə sürətlənir. Xatırladaq ki, Tesla Model S P100D top-variantı bu işə 2,5 saniyə həsr edir. Model X krossoverinin «uzaqgedən» variantı 100 km/saat həddinə sürətlənməyə 4,8 saniyə sərf edəcəkdir ki, bu da P100D variantında olduğundan 1,9 saniyə daha çoxdur. Hər iki modelin maksimal sürəti 250 km/saat təşkil edir.
Tesla Model S 100D üçün 95 min ABŞ dolları, Model X 100D üçün isə ən aşağısı 98,5 min ABŞ dolları ödəmək gərəkdir. Hər iki halda avtomobillər P100D variantlarından 40 min dollar ucuz olsalar da, P90D modifikasiyasından 3 min dollar bahadırlar. Çox güman ki, bu bir azdan 90D modifkasiyasının istehsalçının model xəttindən silinməsinə gətirib çıxaracaqdır.
