Tesla şirkəti səssiz-səmirsiz özünün böyük modellərinin - Model S liftbəki və Model X krossoverinin modifikasiya çeşidini genişləndirib. Xatırladaq ki, 2021-ci ildəki yenilənmədən sonra, hər iki avtomobil yalnız iki versiyada - ikimühərrikli Long Range və üçmühərrikli çılğın Plaid versiyasında təklif edilir. İndi isə, bu çeşidə baza versiyası sayılacaq Standard Range adlı üçüncü variant əlavə edilib.
Arxa ötürməyə qayıtmaq alınmayıb: S və X modellərinin standart versiyaları iki dartma elektrik mühərriki ilə təmin edilən tam ötürməyə malikdirlər. Lakin güc aqreqatının ümumi hasilatı 679-dan 498 (liftbək) və 503 at qüvvəsinə (krossover) qədər azaldılıb.
Müvafiq olaraq, pasport üzrə 60 mil/saata (97 km/saata) sürətlənmə müddəti də artıb: S modeli üçün 3,1-dən 3,7 saniyəyə, X modeli üçün isə 3,8-dən 4,4 saniyəyə qədər. Maksimal sürət eynidir: liftbəklər üçün - 240, krossoverlər üçün isə 249 km/saat.
Nəhayət, versiyanın adına uyğun olaraq, onun dolu batareya ilə yürüş ehtiyatı da azaldılıb. Tesla Model S Standard Range - 515, Model X Standard Range isə 433 kilometrə qədər məsafə qət edə bilir (Long Range versiyalarında bu göstərici, müvafiq olaraq, 652 və 560 kilometr).
Ən maraqlısı odur ki, bütün bu “sadələşdirmələr” proqram təminat səviyyəsində edilmiş kimi görünür - yəni, Standard Range və Long Range variantları eyni proqram təminatına malikdirlər. Tesla hələlik bunu təsdiq etməyib, lakin dəyişməyən boş çəki buna işarə edir: liftbək – 2068, və krossover isə 2335 kiloqram ağırlığa malikdir. Ən azı, Tesla dartma batareyasını dəyişməyib.
Amerikada Standard Range versiyalarına sifarişlər artıq qəbul olunur. Müştərilərə çatdırılmalar oktyabr ayında başlanılmalıdır. Baza versiyaları Long Range versiyalarından 10 min dollar ucuzdurlar. Liftbək - 78 490 dollara, krossover isə 88 490 dollardır. Bu, böyük S və X modellərinə olan tələbi artırmalıdır: artıq beşinci ildir ki, bu cütlüyün rüblük satışları 20 mini keçmir. Məsələn, bu ilin ikinci rübündə ümumilikdə 19 225 ədəd Model S və Model X elektrokarı satılıb. Bu göstərici heç də pis deyil, lakin adı çəkilən cütlük Tesla elektromobillərinin ümumi satışlarının cəmi 4,1%-ni təşkil edir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.