Tesla Model Y elektrokarı dünyanın ən çox satılan avtomobili adını Toyota Corolla modelinin əlindən alıb. 2023-cü ilin birinci rübündə amerikan elektromobili 267,2 min nüsxəlik tirajla satılıb - bu göstəriciyə görə o, digər iki dünya bestselleri olan Toyota Corolla (256,4 min ədəd) və RAV4 (214,7 min ədəd) modellərini üstələyib. “MarketWatch” nəşrinin bildirdiyinə görə, tarixdə ilk dəfədir ki, elektromobil ən çox satılan avtomobil olur.
Qeyd etmək lazımdır ki, satış məlumatları avtomobil istehsalçıları tərəfindən deyil, Jato Dynamics agentliyi tərəfindən təqdim olunub. Məsələ ondadır ki, Tesla konkret modellərin satışı ilə bağlı məlumatı açıqlamır, lakin 2023-cü ilin yanvar-mart aylarında təqribən 400 min Model Y və Model 3 modellərini tədarük etdiyini bildirib. Eyni zamanda, ümumi satış həcminə görə Tesla qlobal reytinqdə yalnız 19-cu yerdədir və ilk üçlüyə Volkswagen, Toyota və General Motors konsernləri daxildir.
Tesla Model Y elektromobilinin dünyada bestselleri olacağı ehtimalı bir il bundan əvvəl bildirilmişdi. O zaman, İlon Mask öz elektromobilinin təxminən 1,15 milyon ədəd satılmış Toyota Corolla modelinin satış nəticəsini keçə biləcəyini söyləmişdi. Artıq dünya liderliyinə doğru ilk addım atılıb - bu ilin ilk üç ayında Model Y satış həcminə görə təkcə elektromobilləri deyil, həm də daxili yanma mühərrikli avtomobilləri, yəni Toyota Corolla və RAV4 modellərini qabaqlayıb.
Eyni zamanda, Tesla Model Y həm Corolla, həm də RAV4 modelindən xeyli baha başa gəlir: ABŞ-da elektromobilin başlanğıc qiyməti 47 490 dollar təşkil edir. Müqayisə üçün, Toyota Corolla modelinin baza versiyası minimum 21 550 dollara, Toyota RAV4 krossoveri isə, 27 575 dollara satılır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.