Tesla Model Y krossoverinin təqdimatı zamanı Tesla pikapının ilk tizari nümayiş etdirilib. Dərc edilmiş yeganə şəkildə işıqdiodlarından olan ətraf işıqlandırılmasını görmək olar. Çox güman ki, bu yük bölümünün işıqlandırmasıdır. Məlumdur ki, dolu batareya ilə Tesla pikapı 800 kilometr yürüş edə bilər.
Bu il təqdim ediləcəyi ehtimal olunan pikap haqqında kifayət qədər məlumat verilməyib. Bir müddət bundan öncə, Mask öz tvitlərində pikapın təchizatına ikimühərrikli güc qurğusunun, yüklənmə səviyyəsinə görə dinamik şəkildə uyğunlaşan asqının, avtomatik parking sisteminin daxil olacağını bildirmişdi. Yük platformasının qapısı şarnirli dördbucaqda fırlanaraq yerə qədər enəcəkdir. Dolu batareyalaral pikap 640-805 kilometr qət edəcəkdir.
Tesla markasından olacaq pikapın rəqibi isə artıq Los Anceles salonunda təqdim edilib. Bu. Rivian startapının hazırladığı R1T modelidir. Pikap ümumi hasilatı 760 at qüvvəsi və 1120 Nm fırlanma anı olan güc qurğusu ilə hərəkətə gəlir. 100 km/saat həddinə pikap üç saniyəyə, 160 km/saat həddinə isə yeddi saniyəyə sürətlənir. Seçilmiş batareyadan asılı olaraq pikapın yürüş məsafəsi 400-640 kilometr arasındadır. Bu bölüm 800 litr həcmə malikdir. Bundan başqa, pikap 3500 kiloqramlıq qoşqunu yedəyə ala bilər.