Tesla şirkəti model cərgəsində ən əlçatan avtomobil olanModel 3 avtomobilini rəsmi şəkildə təqdim etmişdir. Tesla Model 3 sedanı Model S avtomobilinə bənzər dizayna malikdir. Yeni sedan, Tesla Model S avtomobilindən yığcam ölçüləri və radiator barmaqlığının olmaması ilə seçilir. Təəssüflər olsun ki, yeni avtomobilin bir sıra texniki göstəriciləri açıqlanmamış qalmışdır. Lakin, təqdimat mərasimində çıxış edən İlon Mask avtomobilin 60 mil/saat (96 km/saat) həddini 6,0 saniyəyə topladığını və dolu batareyalarla 346 kilometr (215 mil) məsafə qət etmək iqtidarında olduğunu bildirmişdir. Bütün avtomobillər standart olaraq avtonom idarəetmə sistemi ilə təchiz ediləcəkdir.
Maskın söylədiyinə görə, 346 kilometr minimal mümkün olan yürüş məsafəsidir və avtomobilin 2017-ci ildə start veriləcək istehsalına qədər bu rəqəmi artırmaq mümkün olacaqdır. Qeyd etmək lazımdır ki, hal-hazırda avtomobil rəqibi olan Chevrolet Volt elektromobilindən 15 mil artlq məsafə qət edə bilir.
Yeni avtomobil həm arxadan çəkişli, həm də tam ötürməli çəkiş sistemi ilə təklif ediləcəkdir. Tesla Model 3 interyeri də Model S sedanının üslubunda hazırlanacaq, amma 17 düymlük mərkəzi ekran əvəzinə 15 düymlük monitorla təchiz ediləcəkdir. Yani avtomobilin satış qiyməti 35 min ABŞ dolları olacaqdır.
Artıq Tesla şirkətinə yeni avtomobil almaq istəyən müştərilərdən 115 min sifariş daxil olmuşdur.