Tesla şirkəti Model S sedanının daha ucuz variantı olan Model S 60 variantını yenidən təklif etməyə başlamışdır. Bildiyimiz kimi, 2015-ci ilin yazına qədər belə bir variant amerikan istehsalçısı tərəfindən təklif edilirdi ki, sonrada Tesla rəhbərliyi bu modeldən Model S 70 sedanının xeyrinə imtina etmişdi. Sonuncu modifikasiya 70 kilovatt-saatlıq tutumu olan litium-ion batareyaları ilə təchiz edilir. "Yeni" modifikasiyanın qiymətləri 67,2 min ABŞ dollarından başlayır. Bu məbləğə müştəri arxadan çəkişli ötürmə, 315 at qüvvəli elektromotor və 60 kilovatt-saatlıq litium-ion batareyalar ilə təchiz edilmiş sedanı əldə edir.
Tesla Mosel S 60D modifikasiyası isə öz növbəsində, tam ötürməli çəkiş sistemi və 328 at qüvvəli elektromotorla təklif edilir. Bu avtomobil üçün 72,2 min ABŞ dolları tələb olunur.
Ən ucuz Model S dolu batareya ilə 407 kilometr məsafə qət etmək iqtidarındadır. Avtomobilin alıcıları, eyni zamanda firma Supercharger doldurma stansiyalarına pulsuz qoşulmaq şansını da əldə etmiş olurlar. AutoPilot avtonom idarəetmə sistemi üçün üç min dollar ödəmək gərəkdir.
Sonradan doqquz min qollar ödəməklə elektron məhdudlaşdırmanı 60 kilovatt-saatdan 75 kilovatt-saata çəkmək mümkün olacaqdır. Bu halda avtomobilin yürüyüş məsafəsi 490 kilometrə, maksimal sürəti isə 210-dan 225 kilometr-saata qədər arta bilər.