Model S liftbəki - 11 il, Model X krossoveri isə artıq səkkiz ildir ki, satışdadır və hazırda bu cütlük Tesla elektromobillərinin satışlarının yalnız 5 faizini təşkil edir (keçən il 66 705 avtomobil satılıb). Lakin S və X modelləri hələ də amerikan markasının minik avtomobilləri çeşidində ən prestijli, güclü və bahalı modellər olaraq qalırlar.
Bu səbəbdən də, Tesla şirkəti onları modernləşdirməyə davam edir. Son böyük yenilənmə iki il əvvəl keçirilib və onun fonunda hazırkı təkmilləşdirmələr təvazökar görünür. Amma baş verənlər yenə də vacib təkmilləşdirmələrdir.
Əsas odur ki, böyük modellərdə Hardware 4 ümumi adı altında işarələnmiş yeni nəsil bort elektronikası peyda olub. Bu arxitekturaya daha güclü Samsung Exynos prosessoru, təkmilləşdirilmiş kameralar (onların sayı artırılıb) və yeni Phoenix radarı daxildir. Məhz Hardware 4 FSD (Full Self-Driving) avtopilotu üçün çoxdan gözlənilən proqram təminatının (PT) yeniləməsinə (versiya 11) köklənib.
Bununla belə, yeni PT əvvəlki elektronikası olan Tesla elektrokarları üçün də əlçatan olacaqdır. Bununla belə, 11-ci versiya hələlik yalnız seçilmiş istifadəçilərin ixtiyarına verilib və tam buraxılış yenidən təxirə salınır, FSD sistemi isə əvvəlki kimi Beta statusuna malikdir.
Digər yeniliklərə gəldikdə, adi yuvarlaq sükan çarxının qaytarılması ən əhəmiyyətli yenilikdir. 2021-ci ildə, şirkət bütün S və X modellərində avtopilotun quraşdırılacağının carçısı olan şturvalı quraşdırmağa başlayıb. Ancaq FSD sisteminin tətbiqi gecikir, bir çox müştərilər isə şturvaldan narazı qaldıqlarını bildiriblər.
Necə deyərlər, tələbat təklif doğurur – artıq bir sıra tüninq firmaları elektrokar sahiblərinə adi sükan çarxını quraşdırmağı təklif edirlər. İndi isə şirkət özü də eyni üsluba əl atıb: şturvalın əvəzinə adi sükanı da sifariş etmək olar. Üstəlik bu opsiya tamamilə pulsuzdur.
Ən güclü Plaid versiyalarında yeni, istiliyədavamlı əyləc qəlibləri peyda olublar. Multi-Coat Red kuzov rəngini daha dərin, daha tünd Ultra Red rəngi əvəzləyib – üstəlik, yeni rəng üçün əlavə ödəniş 2500 dollardan 3000 dollara qədər artıb. Baza (pulsuz) rəngi ağ olaraq qalır, qara, mavi və gümüş rənglər əvvəlki kimi 1500 dollara təklif olunur.
Nəhayət, Tesla Model S liftbəkində əvvəlkindən daha incə və yüngül olan, salona əvvəlkindən beş dəfə daha çox işıq buraxan və eyni zamanda ultrabənövşəyi şüalardan eyni müdafiə səviyyəsinə malik olan yeni şüşə dam örtüyü quraşdırılır.
Sevindirici məlumat da var – böyük Tesla elektrokarları ucuzlaşıblar. Model S liftbəki 5000 dollar, Model X krossoveri isə 10.000 dollar ucuzlaşıb. İkimühərrikli baza versiyası (679 at qüvvəsi) hazırda ABŞ-da müvafiq olaraq 90.000 dollar və 100.000 dollara, üçmühərrikli Plaid modifikasiyası isə (1.034 at qüvvəli) 110.000 dollara başa gəlir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.