Tesla şirkəti yenilənmiş Model S sedanı ilə yanaşı, təkmilləşdirilmiş Model X krossoverini də təqdim etmişdir. Elektrik mühərriki ilə hərəkətə gələn krosssover, onun yürüyüş məsafəsini artıracaq daha iri tutumlu batareyalar dəsti ilə təchiz edilmişdir. Krossoverin baza variantı tutumu 70 kilovat-saatdan 75 kilovat-saata qədər artırılmış batareyalar dəsti ilə təchiz edilir ki, bu dəyişiklik sayəsində krossoverin yürüş məsafəsi 27 kilometr artaraq 381 kilometrə bərabər olmuşdur.
Təkmilləşdirilmiş krossover Model X 70D əvəzinə Model X 75D indeksinə də yiyələnmişdir. Tesla Model X 75D avtomobilinin dinamik xarakteristikaları dəyişilməz qalmışdır. Krossover yerindən 60 mil/saat (96 km/saat) həddinə altı saniyəyə sürətlənir və 209 km/saatlıq maksimal sürətə malikdir. Bundan başqa, krossoverin baza variantının qiyməti üç min dollar bahalaşaraq 84,2 min dollar təşkil etmişdir. Üçüncü cərgənin oturacaqlarının quraşdırılması üçün əlavə dörd min dollar ödəmək gərəkdir.
Bir müddət əvvəl Tesla şirkəti Model X avtomobillərinin geri çağrılma kampaniyasına başlamışdır. Əsas səbəb kimi, qəza zamanı sonuncu cərgənin oturacaqlarının kürək hissəsinin irəli qatlanaraq sərnişinlərə xəsarət yetirə biləcəyi ehtimalı göstərilmişdir.