Porsche Taycan elektrokarının debütü İlon Maskı düşündürməyə bilməzdi. Bu günə kimi onun qarşısına layiqli rəqib çıxmamışdı. Lakin, artıq İlonun yuxusuna haram qatacaq elektromobil peyda olub.
İlon Taycan modelinin indeksindəki Turbo və Turbo S kəlmələrini lağa qoysa da, bunun məşhur alman markası ilə rəqabət aparmaq üçün yetərli olmadığını özü də bilir. Bilir və buna görə də, xilas yolunu Model S elektrokarını gücləndirməkdə görüb.
Bu günlərdə, Tesla Model S Performance modelini Nürburqrinqin rekordunu yeniləmək üçün alman diyarına gətiriblər. Təsdiq edilməmiş məlumata görə, Plaid aqreqatlı elektrokar Taycan’nın rekordunu yeniləyib.
Bildiyimiz kimi, İlon Mask tvit yazmağı çox sevir. Bu dəfə də, sosial şəbəkədən istifadə edən Mask, Tesla Model S modelinin Plaid adlanan güc qurğusu ilə təchiz ediləcəyini bəyan edib. Ludicrous kəlməsi kimi, yeni söz də «Ulduz müharibələri» filminin parodiyası olan «Kosmik yumurtalar» filmindən götürülüb.
İlkin məlumata görə, güc qurğusu üç elektromotordan ibarət olacaq, onun hasilatı isə 772 at qüvvəsi və 931 Nm təşkil edəcəkdir. Ən başlıcası isə, Model S Performance Maskın canına vəlvələ salan Porsche Taycan Turbo S modelindən ucuz olacaqdır.