Tesla şirkəti rəsmi olaraq daha bir ölkədə - Türkiyədə öz nümayəndəliyini açıb. Amerikan istehsalçısı, qardaş ölkədə nizamnamə kapitalı 50 milyon türk lirəsi olan rəsmi nümayəndəliyinin açıldığını bəyan edib. Tesla şirkətinin yaxın planlarında diler mərkəzlərinin və Supercharger elektrik yükləmə stansiyaları şəbəkəsinin yaradılması var. Sonradan bu şəbəkə qonşu Bolqarıstan, habelə Serbiya və Rumıniyanı əhatə etməlidir.

Tesla şirkətinin Türkiyə bazarına daxil olması bir neçə ildir ki, planlaşdırılırdı: 2017-ci ildə amerikan şirkətinin rəhbəri İlon Mask Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyip Ərdoğanla ölkədə Tesla və SpaceX nümayəndəliklərinin açılması barədə müzakirələr aparmışdı. Beş ildən sonra Türkiyədə Tesla şirkətinin ofisi açılıb. Ofisin başçısı Emir Tunçyürek təyin edilib. Xatırladaq ki, Tunçyürek rəsmi olaraq satılmayan elektrokarların ölkəyə gətirilməsi ilə məşğul olan E-Garaj şirkətinin təsisçilərindən biridir.

Türkiyədə elektrokarlara olan tələbat sürətlə artmağa davam edir: keçən il ölkədə dörd minə yaxın elektrokar satılıb ki, 2020-ci ildə bu rəqəm 1600 ədəd təşkil etmişdi. Lakin bu rəqəmi 2021-ci ildə 737.350 avtomobilin satıldığı bazar üçün o qədər də əhəmiyyətli saymaq olmaz. Hazırda Türkiyədə yeddi-səkkiz min “yaşıl” avtomobil qeydə alınıb.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.