Hava limanına yaxın ərazilərdə yaşayırsızsa və ya sırf enən və qalxan təyyarələri izləmək üçün hava limanına yaxın ərazilərə gedirsizsə, deməli sizdə də təyyarə sevgisi var. Başımızın üstündən keçən və ya harasa uçmazdan əvvəl gözləmə zalında olarkən pəncərədən gördüyümüz təyyarələrin hansı marka və model olmasını bilmək olduqca maraqlıdır. Təyyarələrin ümumi quruluşu çox oxşar olsa da, onları bir-birindən fərqləndirən detalların sayı da az deyil.

Bu detallar arasında təyyarənin burun forması, quyruğun yerləşdiyi yer və vəziyyəti, qanadın forması, qapıların sayı, təkərləri və hətta kokpit pəncərələrinin forması var. Bəzi təyyarələrin isə özünəxas siluetu var. Məsələn, Boeing 747 kimi. Boeing modellərinin kokpitinin pəncələrinin yuxarıya doğru V şəkilli olduğunu görürük, lakin Airbusda isə bu daha çox kvadrata bənzəyir. Ancaq Airbus A350 modelində bu adətindən bir qədər uzaqlaşıb.

Gördüyünüz təyyarə 4 motorludursa, bu ya Airbus A340, ya Airbus A380, ya da Boeing 747-dir. Boeing-i donqar belinə, A380-i isə tamamilə iki mərtəbəli olmasına görə tanıya bilərsiz. Gecə yaxın məsafədən uçan təyyarənin qanadlarının ucundakı ağ sayrışan işıqları iki dəfə tez-tez yanıb sönürsə Airbus, bir dəfə yanıb sönürsə, Boeing-dir. Gəlin bu iki böyük şirkətin bir-birinə rəqib olan modellərini fərqləndirən  əlamətlərə detallı şəkildə nəzər yetirək.

Dünyadakı dar gövdəli təyyarələrin demək olar ki, 95%-dən çoxu Airbus A320 ailəsinə və Boeing 737 tipli təyyarələrə aiddir. Həvəskarlar üçün bu təyyarələri bir-birindən ayırmaq çətindir. Çünki çox bəznəyirlər. Onları fəqləndirmənin ən rahat yolu burun və quyruq hissələrinə baxmaqdır. 737-lərin ən yenisi olan başıbəlalı MAX seriyasını tanımaq daha asandır - onun qanadlarının ucundakı vinqletlər fərqlidir.

A330 ailəsi ilə Boeing 787 modelləri ölçülər baxımından eynidirlər. Lakin burun formaları onları ayırmaq üçün işimizi asanlaşdırır. Airbus-ın bu modeli rəqibi ilə müqayisədə "dikburun"-dur. Onları fərqləndirməyin daha bir asan yolu isə qanadlarıdır. A330-un qanadlarının ucu bir qədər yuxarı qatlanır və məhz buna görə təyyarəni çox uzaqdan da tanımaq mümkündür. Ecazkar 787-nin qanadı isə demək olar ki, bənzərsizdir. Düz olmayan xüsusi quruluşlu qanadlar ona daha çox gözəllik verir. Həm də Dreamliner-in mühərriklərinin arxası da naxışlıdır.

Yuxarıdakı 2 təyyarə daha çox uzun məsafələr üçün istifadə edilir. Onları fərqləndirən əsas cəhət motor sayıdır - A340 4 ədəd motora sahibdirsə də, 777 iki ədəd olduqca güclü motor hesabına uçur. A340 "kiçik qardaşı" A330-la eyni qanad ucluğuna sahibdir, 777 isə Dreamliner qədər olmasa da, müəyyən əyriliyi olan qanadlara malikdir. Əsl təyyarəsevərlər "tripple-seven"-i həm də kəskin quyruğuna görə tanıyır.

Nəhənglərin mübarizəsi...  Lakin onları bir-birindən fərqləndirmək asandır. Baxmayaraq ki, hər ikisi 4 motordan güc alır. Airbus A380 dünyanın tam olaraq iki mərtəbəli yeganə sərnişin təyyarəsidir. Boeing 747 barədə 1.5 mərtəbəli desək, səhv etmiş olmarıq. 50 ildən bir qədər artıqdır ki, bu dizaynla əfsanələşən "Göylərin Kraliçası" ən son versiyası olan 747-8 ilə həm də ən uzun sərnişin təyyarəsidir. Onları fərqləndirən digər detallar qanadlardadır. A380-nin nəhəngliyinə uyğun olmayan balaca vinqletləri əslində ona aerodinamika və sərfiyyat baxımından xeyli üstünlük verir. 747-nin köhnə modellərindən fərqli olaraq, 747-8 bir qədər əyri, müasir qanadlara sahibdir.

Airbus-ın ən müasir və demək olar ki, ən güclü modeli A350-ni tanımaq üçün qanadlarına baxmaq kifayətdir. Qanadlarının uclarının 4.4 metrlik hissələri yuxarı doğru qatlanan gənc modelin bu baxımdan analoqu yoxdur.. Bir müddət əvvəl ilk uçuşunu uğurla yerinə yetirən, gələcəkdə A350-nin ən böyük rəqibi olacağına şübhə edilməyən Boeing-in 777x modelinin qanad quruluşu isə tamamilə fərqıidir. Amerikanlar çox qəribə həll yolu tapıblar - qanadların uclardan 3.5 metrlik hissələri hərəkətlidir. Havada ikən pilot onları düzləşdirir, yerdə ikən körpüyə yaxınlaşma və digər hallarda çox yer tutmaması üçün həmin hissələr qatlana bilir.