The Car of the Year və ya «Avropada ilin avtomobili» müsabiqəsinin münsiflər heyəti, 2021-ci ilin ən yaxşı avtomobili adına iddialı olan finalçıların siyahısını dərc edib. Dekabr ayının sonunda münsiflər heyəti 29 modeldən ibarət siyahını yayımlaçışdı. Müsabiqənin qalibi 1 mart tarixində açıqlanacaqdır.
Müsabiqədə iştirak edən hər bir avtomobil 2020-ci ilin sonuna qədər ən azından beş Avropa ölkəsində satışa çıxarılmalıdır. Hazırda yeddi finalçı qələbə uğrunda mübarizə aparır: Citroen C4, Cupra Formentor, Fiat 500, Land Rover Defender, Skoda Octavia, Toyota Yaris və Volkswagen ID.
Müsabiqəyə qatılan avtomobillər bir sıra kriteriyalara cavab verməlidirlər: bu, ya yeni bir model, ya da artıq satışda olan, ya da ən azı beş Avropa ölkəsində 2020-ci ilin sonunadək satışa çıxarılacaq bir model olmalıdır. Dekabr ayında dərc edilmiş geniş siyahıda Hyundai-Kia ittifaqının dörd modeli yer alırdı: bunlar Hyundai i10, i20 və Tucson, eləcə də Kia Sorento modelləri idi. Mercedes-Benz markası da dörd avtomobil ilə təmsil olunurdu - GLA, GLB, GLS və S-Class.
BMW (4 Series və 2 Series Gran Coupe), Ford (Kuga və Explorer), Toyota (Yaris və Mirai), Seat (Cupra Formentor və Leon) və PSA (Peugeot 2008 və Citroen C4) şirkətləri də hər biri iki modeli ilə müsabiqəyə qoşulmuşdular. Bundan əlavə, Dacia Sandero, Audi A3, Fiat 500, Honda Jazz, Skoda Octavia, Land Rover Defender və VW Golf modelləri də iddiaçılar arasında idi. Siyahıya elektromobillər də daxil edilmişdi - Volkswagen ID.3, Polestar 2, Mazda MX-30 və Honda e.
2020-ci ilin mart ayında “Avropada ilin avtomobili” Peugeot 208 hetçbeki, bir il əvvəl isə Jaguar I-Pace elektrik krossoveri seçilib.