Zandvortdakı yarışı izləyənlər Timo Qlok ilə Edoardo Mortara arasında baş vermiş insidentdən agahdırlar. Təsnifat sessiyasında Edoardonun ona mane olduğunu düşünərək hiddətə gələn Timo Qlok əvvəlcə italyan pilotu əyləcləri yoxlamağa məcbur etmiş, sonra isə pit-leyndə aləmi bir-birinə qataraq bir çoxlarının haqlı narazılığına səbəb olmuşdu.

Lakin, bir gün sonra Qlok etdiyi hərəkətdən peşman olduğunu bildirmişdi. "Baş verənlərdə mexaniklərin heç bir günahı yoxdur. Mən idmanı çox sevirəm və mənə verilən bütün şanslardan tam şəkildə istifadə etmək istəyirəm. Günün sonunda, 35 yaşımda, daha bir dərs almış oldum. Digər tərəfdən, iki sürətli dövrədən sonra mən gülümsəyərək qaraja qayıtsam, bundan sonra isə idmanı həmişəlik tərk etsəydim, bu mənim üçün ən yaxşı variant olardı, - Qlok DTM.com saytına bildirib. - Lakin mən, Edoardonun bunu qəsdən etdiyini söyləyə bilmərəm. Sessiyadan sonra Mercedes komandası bütün heyəti ilə mənə yaxınlaşaraq, onların simulyasiyası ucbatından problem yaşadığım üçün üzürhaqlıq etdilər".
Edoardo Mortara da Qlokun nədən belə reaksiya verdiyini anladığını bildirib. "Mən onun məyusluğunu anlaya bilərəm. Mənim komandam iki dəfə mənə düzgün olmayan məlumatı verib. Mən ancaq üzr istəyə bilərəm. Belə hadisələr bir daha baş verməli deyil".
Timo yarışdan öncə cəzalandırıldıqdan sonra, yarışın stüardları da onun qəzəbindən öz paylarına düşəni almışdılar. Bu halda da alman pilot fikrini 180 dərəcə dəyişdirməyə üstünlük verib: "Həmin anın təsiri ilə mən bir neçə yersiz sözlər işlətdim. Bu o qədər nümunəvi hərəkət deyildi və mən əsəblərimi cilovlamalıydım".
Qlok yarışda yeddincilik uğrunda mübarizə aparmışdı. Eyni zamanda, o əldən verdiyi fürsətə görə çox məyus olmuşdu. "Sonunda mən ən çox özümə ziyan vurdum. Yersiz hərəkətlərim olmasaydı daha çox xal toplaya bilrdim.
Şansım da vardı. Paddokda gəzən istənilən pilot bir neçə yarışda itirdiyi xallardan söhbət aça bilər.
İstənilən halda gələcəyə doğru baxmaq gərəkdir".