Dağlar hər zaman insanları möhtəşəmliyi ilə valeh edib. Bu həftəsonu füsunkar Ştiriya dağlarının ətəyində yerləşən Red Bull Ring avtodromunda DTM çempionatının növbəri mərhələsi keçiriləcəkdir. Mövsümün bitməsinə iki mərhələ qalmış əsas suala cavab tapılmayıb - çempion titulu kimə qismət olacaq?
Ştiriyanın əsrarəngiz dağ landşaftının əhatə etdiyi trekdə keçiriləcək mövsümün 15-ci və 16-cı yarışı titulun sahibini müəyyən edəcəkmi? Kimsə bu suallara cavab vermək iqtidarında deyil. Ən maraqlısı da odur ki, çempionatda iştirak edən 18 pilotdan ikisi arifmetik olaraq titul qazanmaq şansını itirib.
Qalan 16 pilotlardan hər biri mövsümün sonunda DTM tacını taxmaq şansına malikdir. Onlardan 10 nəfərinin isə, real olaraq çempionluq şansları vardır. İndi siz deyin görək, belə bir çempionat maraqsız ola bilərmi? Məlum olduğu kimi, hazırda pilotlar çempionatına Audi komandasının isveç pilotu Mattias Ekstrem başçılıq edir. 136 xal toplamış Ekinin Şpilberqdən lider ayrılmaq şansları nə qədər yüksəkdir?
«Mən Şpilberqi sevirəm, - Avstriyanın şimalındakı Elmauda yaşayan isveçlinin bildirib. - Buranın təbiəti unikaldır və siz hər yerdə yüksək standartlara rast gəlirsiniz. Red Bull Ring trekində avtomobil idarə etmək unikal təcrübədir. Yarış tempi və hündürlük fərqləri ekstremal əyləcləmə zonaları ilə birlikdə pilota həyəcanverici anlar yaşadır».

Ekstremin bu trek haqqında belə həvəslə danışmasının səbəbi məlumdur: 2015-ci ildə o, yağmurlu hava şəraitində Şpilberqdə möhtəşəm qələbə çalmışdı. Bundan əlavə, o sonuncu poulunu məhz burada, Red Bull Ring trekində əldə etmişdi. Yeri gəlmişkən, Mattias, keçən həftə qəbul edilmiş mübahisəli çəki handikapının ləğv edilməsi qərarına ən çox sevinən pilotlardan biri olub.
«Mən hər zaman bu addımı dəstəkləyirdim, - isveç pilot bildirib. - Əvvəlcə elə bildim ki, kimsə mənimlə zarafat edir. Lakin bu qərar, bu ilki mövsümdə qəbul edilən ən yaxşı qərardır».
Mattias Ekstemi təqib edən pilotlar, yerli azarkeşlərin qəhrəmanı Lukas Auer (Mercedes), Rene Rast (Audi), Marko Vittmann (BMW) və daha bir komanda yoldaşı Ceymi Qrindir.
Şpilberq avtodromu 2011-ci ildə təqvimə qayıtdıqdan sonra, Audi və BMW yarışlarda dörd qələbə əldə etmişdilər. Mercedes isə bu günə qədər Red Bull Ring trekində uğur qazana bilməyib.

«Red Bull Ring şübhəsiz ki, dünyada olan ən gözəl treklərdən biridir, - hazırda 108 xalla yeddinci yerdə qərarlaşmış Timo Qlok söyləyib. - Ən başlıca səbələrdən biri də buranı əhatə edən təbiətdir. Hər şey rahatverici və gözəldir. 2013-cü ildə mən burada ilk podiumumu əldə etmişdim, keçən il isə ən yüksək pilləyə qalxmağa müvəffəq oldum».
Qlok da çəki ballastının ləğv eilməsini alqışlayır. Hərçənd, Bavariya avtomobilləri peletonda olan ən yüngüı çəkili avtomobillərdir. «Qaydalar sadə olmalıdır. Artıq hər şey əladır. Əlbəttə, mənə digərlərindən 20 kiloqram yüngül olan avtomobillə təpəyə qalxmaq daha asan olardı. Artıq baş verənlərə daha geniş prizmadan baxmaq gərəkdir».

Mercedes komandası Nürburqrinqdə keçirilən mərhələdən böyük uğurlarla ayrılmışdı. Ştutqart istehsalçısı birinci yarışda ilk dörd yeri, ikinci yarışda isə ilk iki yeri tutmuşdu. İndi, Avstiyada, onların kəskin silahı yerli azarkeşlərin sevimlisi olan Lukas Auer olacaqdır. Avstriyalı pilotlar birinciliyində ikinci yeri tutur və liderdən doqquz xal geridə qalır.
«Əlbəttə ki, mən vətənimdə keçiriləcək yarışı səbirsizliklə gözləyirəm. Mən bu avtodromda inanılmaz sayda dövrələr vurmuşam. Hesab edirəm ki, bu Avropada olan ən yaxşı avtodromdur. Yarışmaq hər kəs üçün rahat olacaqdır. Keçən il biz burada çətinliklərlə üzləşmişdik və 16-cı və 21-ci yerlərlə kifayətlənmək məcburiyyətində qalmışdıq», - Lukas Auer bildirib.

Ştiriyada yerləşən Red Bul Ring halqası dəniz səviyyəsindən təqribən 700 metr yüksəklikdədir və DTM çempionatının təqvimində olan treklərdən ən hündürdə olanıdır. Üstəlik, o pilotlar arasında çox populyardır.
4326 metrlik trek texniki cəhətdən çox tələbkardır. 2011-ci ildə yenilənmiş avtodrom müasir təhlükəsizlik standartlarına tam cavab verir. Onun təhlükəsizlik zonaları genişləndirilmiş, müxtəlif hissələri TecPro baryerləri ilə təchiz edilmişdir. Yeni mətbuat mərkəzi və müxtəlif qurğular inşa edilmişdir.
Trekin konfiqurasiyası 10 döngədən və ilk sektorda olan uzun düzlükdən ibarətdir ki, burada da əyləcləmə zamanı ötmələr etmək şansı vardır. Yavaş döngələrə və uzun düzluklərə malik olan trek, tənzimləmələr zamanı yerəbasma gücü və sürət arasında kompromisi tapmağı tələb edir.