Əndy Palmerin yaxın zamanda istefaya gedəcəyi barədə yayılan şayiələr rəsmi təsdiqini tapıb: top menecer həqiqətən də, idarə heyəti ilə əldə edilmiş razılığa əsasən Aston Martin Lagonda Global Holdings şirkətinin prezidenti və icraçı direktoru vəzifələrini tərk edəcəkdir. Artıq, onun varisi də seçilib: gözlənildiyi kimi, şirkətin yeni başçısı, hazırkı Mercedes-AMG bölməsinin rəhbəri Tobias Moers olacaqdır.
Moers, bu ilin 1 avqust tarixindən yeni vəzifəsinin icrasına başlayacaqdır. O ana qədər isə, onun vəzifəsini Aston Martin şirkətinin vitse-prezidenti və istehsal üzrə direktoru Keyt Stenton icra edəcəkdir. Stenton, əsas səhmdar və Aston Martin Lagonda şirkətinin idarə heyətinin yeni sədri Laurens Strola hesabat verəcəkdir.
Filip Şimer
Əndy Palmer Aston Martin şirkətinə 2014-cü ildə keçib. O zamana qədər Palmer Nissan şirkətində çalışıb. Onun rəhbərliyi altında Britaniya markası DB11, yeni nəsil Vantage və DBS Superleggera modellərini təqdim edərək, model cərgəsini yeniləyib. Onun rəhbərliyi altında, orta mühərrikli avtomobillər ailəsinin əsasını qoyacaq Valkyrie hiperkarı da hazırlanıb.
Bu siyahıya şirkətin tarixində ilk krossover olan Aston MArtin DBX modelini də daxil etmək olar. Sonuncu modelin istehsalın təşkil etmək üçün yeni zavod da tikilib. Lakin, bütün bu addımlar həddindən artıq maliyyə vəsaitlərinin xərclənməsi ilə nəticələnib. COVID-19 pandemiyası başlayanda isə, onsuz da böhran vəziyyətində olan şirkətin vəziyyəti daha da pisləşib.
Yoxen Hermann
Tobias Moers Mercedes-AMG bölməsinə 2013-cü ildən bəri rəhbərlik edir. O, şirkətin baş direktoru olmaqla yanaşı, həm də baş texniki direktorudur. Onun rəhbərliyi dövründə AMG bölməsinin məhsul xətti iki dəfədən çox, satışları isə dörd dəfə artıb. Avqustun 1-dən etibarən onun funksiyaları iki mütəxəssis arasında bölünəcəkdir.
AMG bölməsnin başçısı, son yeddi ildir ki Braziliyadakı Mercedes-Benz ofisinə rəhbərlik edən Daimler konserninin veteranı Filip Şimer olacaqdır. Texniki direktor vəzifəsinə isə, əvvəllər Mersedes-AMG bölməsində işləmiş, 2016-cı ildən bütün konsern üçün elektrik güc qurğularının akkumulyator batareyalarının hazırlanması ilə məşğul olan Yoxen Hermann təyin edilib.