Mercedes-Benz şirkətinin Formula 1 bolidinin mühərrikindən istifadə edərək hazırlayacağı hiperkar tam çəkiş sistemini, iki enerjini rekuperasiya sistemini əldə edəcək və 1000 at qüvvəsi gücə malik olacaqdır. Bu barədə “Autocar” dərgisinə məlumatı Los-Anjeles avtosalonunda iştirak edən Tobias Moers vermişdir.
Beləliklə, Mercedes-AMG bölməsinin rəhbəri əvvəllər yayılan məlumatı təkzib etmişdir. Xatırladaq ki, bəzi kütləvi informasiya vasitələri Mercedes-AMG tərəfindən hazırlanan hiperkarın 1300 - 1500 at qüvvəsi arasındakı gücə malik olacağını yazmışdırlar. Əlavə olaraq Moers, hiperkarın hazırki Formula 1 bolidlərində istifadə edilən 1,6-litrlik turbomühərrikin, MGU-H və MGU-K rekuperasiya sistemlərinin daxil olduğu hibrid güc aqreqatı ilə təchiz ediləcəyini də təsdiqləmişdir. MGU-H sistemi turbinanın işi zamanı alınan enerjinin, MGU-K isə əyləcləmə zamanı əldə edilən kinetik enerjinin rekuperasiyasına cavabdehdir. Benzin mühərriki arxa oxu hərəkətə gətirəcəkdir. Ön öxun hərəkətə gətirilməsi üçün isə iki elektromotordan istifadə ediləcəkdir. Bununla belə, AMG rəhbəri tam çəkiş ötürməsinin işinə xüsusi olaraq hazırlanmış sistemin nəzarət edəcəyini bildirmişdir.
Yeni hiperkarın karbon monokokun ətrafında yığılacağı da bildirilmişdir. Moersin sözlərinə görə, Formula 1 texnologiyalarının tətbiqi, yüksək güc əldə etməklə bərabər, yanacağa qənaət edilməsinə və ətraf mühitə vurulan ziyanın azaldılmasına xidmət göstərəcəkdir. Çətinlik yarş sistemlərinin adi yol avtomobillərinin tələbatına uyğun tənzimlənməsindədir. Sonundan Tobias Moers hiperkarın 200 – 300 nüsxəlik tirajla istehsal ediləcəyini bildirmişdir. İlk prototiplərin sınağına gələn ilin payızında başlanmalıdır.
Avtomobilin əmtəə variantlarının 2018-ci ildə istehsal ediləcəyi planlaşdırılır. Hiperkarın qiymətinin üç milyon avrodan çox olacağı ehtimal olunur.