Türkiyənin TOGG (Türkiyenin Otomobil Girişim Grubu) şirkəti Las Veqasda keçirilən İstehlak elektronikası sərgisində (CES) ikinci modelini nümayiş etdirib – bu elektrik sedanıdır. Bir müddət bundan öncə yeni sedanın patent təsvirləri Avropa İttifaqının patent bürosunun bazasında peyda olmuşdular. Sedanın şəkillərindən də göründüyü kimi, seriya elektrikarı 2019-cu ildə nümayiş etdirilmiş konseptual sedandan bir qədər fərqlənir.
Xatırladaq ki, türk markasının ikinci modelinin konseptual versiyası iki il bundan öncə nümayiş etdirilib. O zaman, TOGG elektrokarının hədəfində Tesla modellərinin olduğu bildirilmişdi. Təsvirlərdən göründüyü kimi, sedanın seriya versiyası konsept avtomobilindən bəzi elementləri ilə fərqlənir.
Üstəlik, TOGG dizaynı mürəkkəbləşdirmək yolunu tutub. Sedanın seriya versiyası konseptdə olmayan işıqlandırılan “radiator barmaqlığına”, rombşəkilli naxışları olan daha hamar qara dama, həmçinin kapotdakı emblemə sahib olub. Bundan başqa, arxa işıq texnikası və bamper də yenilənmiş dizayna malikdirlər. Güzgüləri əvəzləyən kamerlar və “gizlənən” qapı dəstəkləri isə öz yerlərini qoruyublar.
Qeyd etmək gərəkdir ki, TOGG Las veqasdakı sərgidə hər iki modelini – krossover və sedanı nümayiş etdirib. İstehsala gəlincə isə, birinci olaraq konveyerə krossover gedəcəkdir. TOGG krossoveri iki modifikasiyada təklif ediləcəkdir: arxa oxda quraşdırılmış 200 at qüvvəli elektrik mühərriki olan arxa ötürməli, ümumi gücü 400 at qüvvəsi olan ikimühərrikli güc qurğusu ilə təchiz edilmiş tam ötürməli. Top versiya 100 km/saata 4,8 saniyəyə sürətlənəcək və 500 kilometrlik yürüş ehtiyatına malik olacaqdır.
TOGG avtomobillərinin istehsalı ilə Gemlikdə inşa edilmiş zavod məşğul olacaqdır. Sonradan TOGG krossoveri və sedanına, hetçbek, yığcam krossover və miniven qoşulacaqdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.