2022-ci ilin payızında Türkiyədə əlamətdar bir hadisə baş verib - TOGG milli brendinin elektromobillərinin kütləvi istehsalına başlanılıb. Çoxdan gözlənilən ilk model orta ölçülü TOGG T10X elektrik krossoveri olub. 2023-cü ildə bu krossover qardaş Türkiyədə 13.572 nüsxəlik tirajla ən çox satılan elektrik avtomobili olub və hətta 11.600 ədəd elektrokar satmış Tesla şirkətini belə geridə qoyub! İndi isə, növbə ikinci modelə gəlib çatıb.
TOGG T10F adlandırılmış liftbək Las Veqasda keçirilən CES 2024 sərgisində təqdim olunub. Bu, gənc türk brendinin beynəlxalq ekspansiyaya hazır olduğunu göstərir. Hələlik TOGG elektrokarlarının Şimali Amerikada satılması planlaşdırılmır, çünki əsas hədəf Avropa bazarıdır.
TOGG T10F modeli format baxımından Skoda Octavia modelinə bənzəyən orta ölçülü liftbəkdir. Onun dizaynı və görünüşü TOGG markasının ilk modeli olan krossoveri ilə unifikasiya edilib.
Bununla belə, T10X modelindəki diqqət çəkən radiator barmaqlığının əvəzinə şaquli lövhələri olan müasir parlaq örtmə var. Güzgüləri əvəzləyən arxa görüntü kameraları da diqqəti cəlb etsələr də, onlar sərgi atributları kimi qala bilərlər, çünki liftbək hələlik formal olaraq konsept statusuna malikdir.
Liftbəkin salonu tamamilə krossoverin interyerini təkrarlayır. Media sisteminin 29-düymlük genişformatlı ekranı sanki “havada süzür”, mərkəzi toneldə isə, transmissiyanın qeyri-adi selektoru quraşdırılıb.
Onun yaxınlığında klimat-kontrolun ayrıca sensorlu ekranı yerləşir. İstehsalçı geniş çeşiddə elektron köməkçiləri və hətta tıxac (15 km/saata qədər) avtopilotunu vəd edir. Baqajın bəyan edilən həcmi 500 litrdir. Arxa oturacaqları qatlanması halında isə, bu həcm 1350 litrə qədər arta bilər.
TOGG T10F liftbəkinin baza versiyasə 218 at qüvvəsi və 350 Nm hasil edən yeganə elektrik mühərrikinə və arxa ötürməyə malikdir. Belə hasilat 100 km/saata 7,2 saniyəyə sürətlənmək üçün kifayət edir. 52,4 kilovat-saatlıq baza batareyası ilə qət edilən məsafə 350 kilometr, opsional 88,5 kilovat-saatlıq batareya ilə isə, 600 kilometr təşkil edəcək.
Tamötürməli liftbəkdə ön oxda əlavə mühərrik quraşdırılıb. İkimühərrikli güc qurğusunun ümumi hasilatı 435 at qüvvəsi və 700 Nm-ə bərabərdir. Tamötürməli liftbək 100 km/saata sürətlənməyə 4,6 saniyə sərf edir. Tam ötürməli versiya yalnız 88,5 kilovat-saatlıq batareya ilə təklif olunacaq və 530 kilometr məsafə qət edəcək. 180 kilovat gücündə daimi cərəyanlı terminala qoşulduqda, batareyanın 20 faizdən 80 faizə qədər doldurmasına cəmi 28 dəqiqə kifayət edir.
Plana əsasən, TOGG T10F liftbəki bu ilin sonunda konveyer xəttinə çıxmalıdır. 2025-ci ildə isə, elektrik liftbəkinin Türkiyədəki ilk alıcılara çatdırılacağı vəd edilir. Avropalılar isə, ən azı 2025-ci ilin sonuna qədər gözləməli olacaqlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.