Toyota şirkəti Tokyodakı avtomobil sərgisində nümayiş etdirməyi planlaşdırdığı yeni konseptin ilk fotoşəkillərini yayıb. Şəkillərdən də göründüyü kimi, yapon istehsalçısının ViRA adlandırdığı kompakt kupe istənilən yol şəraitində istismar edilmək üçün yaradılmışdır. Toyota nümayəndələrinin bildirdiyinə görə, konsept kompakt hetçbek ViTZ (bir sıra bazarlarda Yaris adlanır) və RAV4 krossoverinin calaq edilməsi nəticəsində yaradılıb.
Konseptin adı da iki avtomobilin adının qarışığından ibarətdir - yaponlar hər iki avtomobilin adlarındakı ilk iki hərfi Vi və RA'nı seçərək birləşdirmişdirlər. Bunula yanaşı avtomobilin dizaynında adı çəkilən avtomobillərin cizgilərini görmək mümkün deyil. Lakin Toyota nümayəndələri belə dizaynın gənc alıcıları maraqlandıracağını qeyd edirlər.
Bununla belə istehsalçı avtomobilin texniki xüsusiyyətləri haqqında heç bir məlumat dərc etməmişdir. Çox güman ki, avtomobil hibrid güc aqreqatına və 2+2 oturacaq formulu ilə salona malik olacaqdır.