İşinə başlamış Tokyo avtosalonunda Lexus şirkəti flaqman sedanının LS+ Concept adlı konseptual variantını təqdim edib. Konsept süni intellektə malik avtonom idarəetmə sistemi ilə təchiz edilib.
Yeni avtonom idarəetmə sistemi ilə təchiz edilən Lexus avtomobillərinin istehsalına 2020-ci ildə başlanacaqdır. Lexus LS+ Concept modelində debüt edən avtopilot sistemi Highway Teammate adlanır. Yeni sistem yalnız sürətli avtomağistrallarda işləyəcək, pilotsuz rejimdə nəqliyyat axına qoşularaq lazımi zolağa keçəcək və avtomobili həmin zolaqda saxlayacaqdır. Yoldakı vəziyyətdən asılı olaraq, hansı funksiyanın gərək olduğunu sistem müstəqil şəkildə müəyyən edəcəkdir.
Avtomobilin sistemlərinə inteqrasiya edilən süni intellekt tədris alqoritminə malik olacaq, həmçinin iri həcmdə məlumatları emal edərək sedanın pilotsuz funksiyalarını yaxşılaşdıracaqdır.
Eyni zamanda, LS+ digər avtomobillərlə əlaqə yaradaraq yoldakı tıxaclar və qəzalar haqqında məlumat alacaqdır. Onun proqram təminatı isə, internet vasitəsi ilə yenilənəcəkdir. Zahiri cəhətdən konsept rombşəkilli naxışları, həmçinin güc qurğusunun soyudulmasını və aerodinamikasını yaxşılaşdıran avtomatik jalyuziləri olan iri Spindle Grille radiator barmaqlıqları ilə seçilir.
Bundan başqa, sedan lazer bölmələri olan ön fənərlər və yan güzgüləri əvəzləyən kameralar ilə təchiz edilib.