Mazda şirkəti işinə başlamış Tokyo avtosalonunda Vision Coupe adlı konseptual kupeni təqdim edib. Minimum xəttlərə və çıxıntılara, həmçinin arxaya doğru çəkilmiş salona malik olan avtomobil klassik kupeləri xatırladır.
Mazda şirkətinin şef-dizayneri İkuo Mazda konseptual Vision Coupe modelini, şirkətin yaradıldığı gündən bu günə qədər mövcud olan ən gözəl Mazda avtomobili adlandırıb.Bu həqiqətdir! Avtomobil demək olar ki, mükəmmək görünüşə malikdir. Konseptin yaradılması üzərində çalışmalar iki il müddətində aparılıb. Onu da qeyd etmək lazımdır ki, konseptin yaradılmasında yalnız şirkətin Yaponiyadakı mürəxəssisləri iştirak ediblər.
İkuo Mazda avtomobili yaradan zaman iki tarixi modeldən ilham aldıqlarını söyləyib. Bunlar 1969-cu ilin Mazda Luce Rotary Coupe və 1960-cı ilin Mazda R360 modelləridir.
Doğrudur, birinci model vaxtı ilə həqiqətən gözəl avtomobillərdən biri olub, lakin ikinci model barədə bunu söyləmək bir qədər çətindir.
Konseptin interyeri də eksteryerinə xas olan minimalist üslubda tərtib edilib. Ön panel, qapı panelləri və mərkəzi tonnel davamlı şəkildə bir-biri ilə birləşdiriliblər. Eyni zamanda, nazik çevrəli üç qollu sükan çarxı, iri işarələri olan klassik cihazlar paneli, iri mərkəzi tonnel və ötürmələr qutusunun qısa dəstəyi insana həyəcan verir. Ön panelin günlüyünün altında multimedia sisteminin displeylərini görmək olar. Sürücünün diqqətini idarəetmədən yayındırmamaq üçün bu displeylərdə ən vacib məlumat əks etdirilir.
Təəssüflər olsun ki, Mazda Vision Coupe konsepti elə konsept olaraq da qalacaqdır. Yapon istehsalçısının nümayəndələri onun texniki içalatı barədə heç bir məlumat verməyiblər.
Çox güman ki, konsept texniki hissədən məhrumdur. Lakin, yaponlar bu konseptdə tətbiq edilən dizayn elementlərini Mazda markasının gələcək seriya modellərində tətbiq ediləcəyini bildiriblər.