Honda şirkəti Tokyoda keçirilən avtosalonda gələn il Avropada satışa çıxarılacaq Jazz hetçbekini nümayiş etdirib. Honda Jazz yapon markasının avropa model xəttində e:HEV emblemini daşıyan ilk avtomobili olacaqdır.
Yeni Honda Jazz e:HEV modeli tərkibinə 1,5-litrlik benzin mühərriki və iki elektromotor daxil olan hibrid güc qurğusu ilə hərəkətə gələcəkdir. Buna baxmayaraq, yapon istehsalçısı aqreqatın güc göstəricilərini açıqlamayıb. Qeyd etmək lazımdır ki, bu Jazz modelinin Avropada təklif edilən yeganə modifikasiyası olacaqdır.
Adi hetçbeklə yanaşı satışa modelin “yolsuzluq” versiyası olan Jazz Crosstar çıxacaqdır. Bu model artırılmış klirensə, radiator barmaqlığının başqa tərtibatına, plastikdən hazırlanmış müdafiə qurşağına və damda quraşdırılan relinqlərə sahibdir.
Digər yeniliklər tərkibinə adaptiv-kruiz kontrol, tıxac assistenti, qaranlıqda piyada və velosipedçiləri aşkarlayıb toqquşmanın qarşısını alan avtomatik əyləcləmə funksiyası daxil olan təkmilləşdiriliş Honda Sensing sistemindən ibarətdir. Bundan başqa, avtomobilin bir sıra funksiyalarını məsafədən smartfon vasitəsi ilə idarə etməyə imkan verən və hadisə zamanı təcili xidmətləri çağıran Honda Connect kompleksi də yenilənib.