Bu gün Tokyoda işinə başlayan avtosalonda Lexus şirkəti LF-30 Electrified adlı konseptual avtomobilini nümayiş etdirib. Yeni konsept 2030-cu ilin pilotsuz nəqliyyat vasitəsinin necə ola biləcəyini göstərir. 5090 mm uzunluğa malik olan elektrokar 3200 mm-lik təkər bazasına malikdir. Xatırladaq ki, markanın bayraqdar sedanı olan Lexus LS modelində bu göstərici 3125 mm-dir. Avtomobil dördyerli salona və yuxarı açılan iri qapılara malikdir.
Ön paneldəki ekranlar artıq adi hala çevrilib, qatlanan sükan çarxını isə istənilən konseptdə görmək olar. Bəs Lexus LF-30 Electrified konseptinin maraqlı cəhəti nədir? Əlbəttə ki, SkyGate adlı panoram tavan. Bu tavan adi tavan deyil – gərək olduqda o proyeksiya sisteminin ekranına çevrilə və burada naviqasiya sisteminin xəritəsi, axın videosu və bir çox şeylər əks etdirilə bilər. Oturacaq başlıqlarında quraşdırılmış Mark Levinson səs sisteminin yığcam dinamikləri aktiv səsboğma sistemi kimi də çalırlar. Konseptin salon tərtibatında yenidən emal edilmiş materiallardan və əsl ağacdan istifadə olunubdur.
Lexus LF-30 Electrified elektrokarı ümumi gücü 544 at qüvvəsi və 700 Nm fırlanma anı olan dörd təkər-mühərrik ilə hərəkətə gəlir. 2,4 ton ağırlığa malik olan avtomobil 100 km/saat həddinə 3,8 saniyəyə sürətlənir və 200 km/saat maksimal sürət həddinə malikdir. 100 kVs-lıq batareya elektrokara 500 km yürüş etməyə imkan verir.
Arxa bamperin altında yerləşdirilmiş naqilsiz elektrik yükləmə qurğusunun bir hissəsi qarajda quraşdırılmış digər hissəsi ilə birlikdə çalışır. Yükləmə qurğusunun gücü 150 kVt təşkil edir. Nəhayət, konsept təkərlər ilə mexaniki birləşməsi olmayan elektron sükan çarxına malikdir. Məlum məsələdir ki, LF-30 şirkətin malik olduğu texnoloji imkanları nümayiş etdirmək üçün yaradılmışdır və seriya istehsalından söhbət gedə bilməz.
Lexus markasının ilk elektrokarına gəldikdə isə, şirkət nümayəndələri onu noyabr ayında nümayiş etdirməyə söz veriblər. Gələn onillikdə yapon markası ayrıca platformada inşa edilmiş elektrokarların və qoşulan hibridlərin istehsalına başlamalıdır. 2025-ci ildə Lexus markasının model xəttində elektrik şəbəkəsinə qoşulmayan avtomobil qalmamalıdır.