Mitsubishi şirkətinin Tokyoda nümayiş etdirdiyi ikinci konsept Super Height K-Wagon adlı universal olub. Adından göründüyü kimi “super yüksək” universal səyahəti sevənlərə ünvanlanıb. Yığcam ölçülü avtomobil yapon markasının ofrouderlərinə xas olan dizayna və yaşıl rəngdə kuzova sahibdir. Sonuncu bu avtomobilin sürücüsünün daima təbiətin qoynunda dincəlməyə üstünlük verdiyinə işarə edir.
Şirkət nümayəndələrinin sözlərinə görə, prototip öz sinifində arxa sərnişin üçün ən böyük məkan və ən enli qapı təklif edir. Avtomobilin interyeri narıncı aksentləri olan tünd-qəhvəyi rəngə malikdir. Mitsubishi Super Height K-Wagon modelinin təchizatına çoxsaylı sürücü yardımçıları daxil edilibdir ki, onlar avtomobili zolaqda saxlamağa və sürücünün pedalları səhv salması halında qəzadan qaçmaq və ya qəza zamanı dəyən ziyanı azaltmağa yardım edəcəklər.
Yapon istehsalçısının sonuncu yeniliyi Engelberg Tourer krossoveri olub. Üç cərgəli oturacağa və hibrid transmissiyaya malik olan krossover dördüncü nəsil Outlander modelinin carçısı sayılır. Transmissiyanın əsasını Twin Motor PHEV qurğusu təşkil edir ki, bu qurğu da hibrid Outlander üçün hazırlanıbdır. İndi Mitsubishi bu qurğuya tam ötürməni də əlavə edib.
WLTP dövründə prototip elektrik ötürməsi ilə 70 km qət edəcəkdir. Tam dolu batareya və yanacaq çəni ilə Edelberg Tourer modelinin yürüş məsafəsi 700 km olacaqdır.