Bildiyimiz kimi, yapon «avtoşları» tüninq edilmiş güclü və sürətli idman avtomobillərinə üstünlük verirlər. Bu sürət aşiqlərini yaxalamaq üçün adi polis avtomobilləri yetərli imkanlara malik deyildilər. Elə bu səbəbdən də, Tokyo polisi sürət rejimini pozan sürücülərə qarşı mübarizə aparmaq üçün, Nismo atelyesi tərəfindən hazırlanmış üç ədəd «qaynar» Nissan 370Z Nismo kupesini əldə etmişdir. Bu barədə məlumat yapon istehsalçısının Youtube kanalındakı rəsmi səhifəsində dərc edilmiş videoçarxda öz əksini tapmışdır. Arxadan çəkişli kupe 350 at qüvvəsinə malik olan 3,7-litrlik altısilindirli benzin mühərriki ilə hərəkətə gəlir.

Güc aqreqatı altı pilləli mexaniki və ya yeddi diapazonlu avtomalik sürətlər qutusu ilə təchiz edilə bilər.

Yerindən 100 kilometr-saat həddinə Nissan 370Z Nismo avtomobili 5,2 saniyəyə sürətlənir. «Qaynar» kupenin maksimal sürəti 250 km/saat təşkil edir.

Hal-hazırda Tokyo polisinin patrul avtomobilləri qismində Subaru İmpreza, Mazda RX-7 və RX-8, həmçinin Toyota GT86 modelləri xidmət göstərirlər.