Rusiyadan olan TopCar şirkəti özünün radikal tüninq proqramları ilə məşhurlaşmışdır. Bu dəfə rusiyalı tuner Porsche 911 Turbo modeli üçün Carbon Edition təkmilləşdirmələr proqramını hazırlamışdır.
Mahiyyətcə, yeni proqram keçən il təqdim edilmiş təkmilləşdirmələr layihəsinin davamıdır. Bu dəst sayəsində yüksək effektivlikli sportkar cüzi yeniliklərə və təkmilləşdirilmələrə məruz qalmışdır. Carbon Edition dəstinin tərkibinə karbondan hazırlanmış kuzov elementləri daxildir ki, onların da əksəriyyəti rənglənməmişdir. Karbon detallar sayəsində sportkar daha aqressiv görkəmə malik olmuşdur. TopCar atelyesindən verilən məlumata görə, müştəri 17 elementdən ibarət dəstə 37500 avro ödəməlidir. Bundan əlavə, 4200 avro məbləğində əlavə ödəniş etməklə, atelye GT3 RS modelinin üslubunda olan təkmilləşdirilmiş ön qanadları quraşdırmağı da təklif edir. Əlbəttə ki, Carbon Edition dəstinin tərkibinə 21-düymlük ADV.1 təkər diskləri də daxil edilmişdir.
Salonun şəkilləri dərc edilməsə də, atelye nümayəndələri salonda yeni sükan çarxının quraşdırıldığını və interyerin eksklyuziv dəri ilə üzləndiyini bildirmişdirlər. İlkin məlumatlara görə Carbon Edition tərtibatında olan , üç ədəd sportkarın buraxılması planlaşdırılmışdır. Avtomobil 650 at qüvvəli mühərriklə hərəkətə gəlir. Bununla belə, mühərrikdə edilmiş dəyişikliklər barədə məlumat verilməmişdir. Sportkarın Capristo buraxılış sistemini əldə etdiyi bildirilir.