İtalyan Touring Supperleggera kuzov atelyesi Cenevrə avtosalonunda Sciadipersia “qrand-turerini” nümayiş etdirəcəkdir. Avtomobil adının çəkilməsini istəməyən müştərinin sifarişi ilə Maserati Gran Turismo modelinin bazasında hazırlanıb. Atelye avtomobili 10 nüsxədə buraxmağı planlaşdırır.
Touring Superleggera atelyesinin baş dizayneri Lui de Fabribekera avtomobilin konsepsiyasının 1958-ci ilin Maserati 5000GT The Shah of Persia modelindən, həmçinin dəbdəbə və romantik səyahətlərin simvoluna çevrilmiş “Şərq ekspressi” sərnişin qatarından götürüldüyünü bildirib.
İtalyan atelyesinin nümayəndələri Sciadipersia modelinin kuzovunun tamamilə əl işi olduğunu bildiriblər. Unikal detallar arasında tutqunlaşdırılmış alüminiumdan hazırlanmış arxa dayaqlar, yumru formalı ön tərəfin əksinə olaraq iti bucaqları olan arxa hissə, panoram tavan və iri şüşə səthi vardır.
Avtomobilin interyerinin Maserati Gran Turismo modelinin salonuna bənzərlik o dəqiqə gözə çarpır. Touring Superleggera Sciadipersia modelinin salonu Turində yerləşən Foglizzo fabrikinin istehsal etdiyi dəri ilə örtülübdür. Yeni interyer donordan cihazlar paneli və qapı panelləri ilə seçilir.
Sciadipersia 461 at qüvvəsi və 520 Nm fırlanma anı hasil edən 4,7-litrlik V8 atmosfer mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı altı pilləli sekvental və ya avtomatik transmissiya ilə tandemdə çalışa bilər. 1700 kiloqramlıq kupe 60 mil/saat (96 km/saat) həddinə 4,6 saniyəyə sürətlənir.