Ferrari 550 Maranello superkarı zərif dizaynı və güclü V12 mühərriki sayəsində 90-cı illərin simvoluna çevrilib. Odur ki, onun çoxlu pərəstişkarının olmasında təəccüblü bir şey yoxdur. Tələb varsa, restomod da olacaq! İtaliyanın Touring Superleggera şirkəti Pebble Beach Concours d'Elegance müsabiqəsinə məhz belə bir restomodu gətirib. Üstəlik, bu, onun restomod inşası üzrə ilk təcrübəsidir, çünki şirkət əsasən yeni donor avtomobillərdən istifadə edərək eksklüziv avtomobillərin yaradılması üzrə ixtisaslaşıb.

Əlbəttə ki, orijinal kupenin interyeri arxaya çəkilmiş kanonik profili saxlanılır. Bununla belə, Veloce12 restomodunun yaradıcıları ön hissəni tamamilə yenidən işləyərək, ona yeni faralar, bamper və kapot bəxş ediblər: yeni elementlərlə kupe daha müasir görünür. Arxa tərəf də, radikal şəkildə olmasa da, yenidən işlənib: yeni LED fənərlər və başqa bamper peyda olub. Bundan əlavə, ön qanadlardakı kəsiklərin və kandarların forması dəyişdirilib. Kuzovun bütün yeni elementləri karbonplastindən hazırlanıb.

İnteryerin əsas arxitekturası qorunub saxlanılıb, lakin Touring Superleggera mütəxəssisləri onu tamamilə iki rəngdə dəri ilə örtüb və oturacaqlardakı zamşa ilə bəzəyiblər. Cihazlar, tumbler, açarlar və dekorativ bəzəklər xüsusi olaraq restomod üçün yenidən yaradılsalar da, ümumilikdə orijinal Ferrari modelinin estetikasını təkrarlayırlar. Başlıqlarda və xatirə lövhələrində şirkətin loqotipi həkk olunub. Söhbət GT avtomobilindən getdiyi üçün firma səyahət çantaları dəsti də nəzərdə tutulub.

Orijinal 5,5-litrlik V12 Ferrari mühərriki saxlanılıb, lakin sökülərək, soyutma və buraxılış sistemləri də daxil olmaqla, müasir komponentlərdən istifadə etməklə yenidən yığılıb. Mühəndislər yaşlı aqreqatı yükləməyiblər və onun gücünü cəmi 25 at qüvvəsi artırıblar. Nəticədə, mühərrik 510 at qüvvəsi və 568 Nm fırlanma anı hasil edir. Standart altı pilləli mexaniki transmissiya və arxa ötürmə qorunub saxlanılıb. 

Restomodun dinamik xüsusiyyətləri də orijinal Ferrari ilə eynidir: 100 km/saat sürətlənmə 4,4 saniyəyə, maksimal sürət isə, 320 km/saatdır. Lakin Touring Superleggera şirkəti restomodu adaptiv TracTive asqısı və öndə altı porşenli, arxada isə dörd porşenli mexanizmləri olan yeni Brembo əyləc sistemi ilə təchiz edib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Əlbəttə ki, belə avtomobillər ucuz ola bilməz, Veloce12 kupesi də istisna deyil: belə bir restomod üçün Touring Superleggera şirkəti ən azı 690 min avro tələb edir! Özü də bu məbləğə donor Ferrari 550 Maranello modelinin qiyməti daxil deyil – hazırda superkarın qiyməti orta hesabla 150 min avro təşkil edir. Plana əsasən, 30 belə avtomobil hazırlanacaq. Təəssüf ki, bunun üçün 3083 nüsxədə buraxılmış (spayderləri saymasaq) autentik 550 Maranello modelini qurban vermək gərək olacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.