Dörd il əvvəl Toyota şirkəti GR idman xəttini genişləndirməyə başlayıb. Hazırda bu xəttə yapon markasının demək olar ki, bütün modelləri - kiçik Yaris GR hetçbekindən tutmuş bayraqdar Land Cruiser 300 GR Sport ofrouderinə qədər olan modellər daxildir.
İndi isə, Toyota Fortuner modeli də idman xəttinə qoşulub. Fortuner GR Sport modeli adi ofrouderdən ilk növbədə orijinal kuzov dəsti, yenidən işlənilmiş radiator barmaqlığı, iki rəngli 18-düymlük yüngül lehimli təkər diskləri, yan tərəfdəki stikerləri və beşinci qapıda təchizat səviyyəsinin adı yazılmış emblem ilə fərqlənir.
İnteryerdəki yeniliklərin arasında dəri oturacaqlar (ön oturacaqlar elektriklə tənzimlənir), dairəvi müşahidə sisteminin kameralardan alınan görüntülərin ötürüldüyü multimedia sisteminin doqquz düymlük ekranı, smartfon üçün simsiz yükləmə meydançası və arxa cərgədə sərnişinlər üçün multimedia sisteminin ayrıca ekranı var.
Bundan başqa, avadanlıqlar siyahısına yoxuşda yerindən tərpənməyə kömək edən sistem, ayaq hərəkəti ilə açılan beşinci qapının elektrik ötürməsi və qoşqu ilə hərəkət etməyə imkan verən elektron köməkçi daxildir.
Yeni Toyota Fortuner GR Sport modeli yalnız İndoneziyada satılacaqdır. Yerli bazarda ofrouder 2,7-litrlik benzin mühərriki (163 at qüvvəsi, 247 Nm) və 2,4-litrlik turbodizel (149 at qüvvəsi, 400 Nm) ilə təklif olunacaqdır. Texniki cəhətdən ofrouder dəyişilməyib: hər iki mühərrik altı pilləli avtomatik transmissiya ilə tandemdə çalışır. Ötürmə - arxa oxadır. Sonradan Fortuner GR Sport modelinin digər bazarlarda da təklif ediləcəyi istisna olunmur.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.