Toyota şirkəti 4Runner modelinin 40 illik yubileyinə həsr olunmuş məhdud saylı xüsusi 40th Anniversary Special Edition seriyasının buraxılacağını bəyan edib. Yubiley seriyasından olan ofrouderin tirajı 4040 nüsxə təşkil edəcəkdir. Xüsusi nəşr sırf ABŞ bazarı üçün nəzərdə tutulub və başqa ölkələrdə təklif edilməyəcəkdir.
Qırx il ərzində ABŞ bazarında dörd milyondan çox Toyota 4Runner modeli satılıb. Ofrouderin 40 illik yubileyini qeyd etmək üçün, Toyota şirkəti 2023-cü model ilinın tamötürməli 4Runner SR5 Premium modifikasiyasına əsaslanan xüsusi versiyanı hazırlayıb. Seçmək üçün üç kuzov rəngi təklif olunur: ağ, qara metalik Midnight Black və qırmızı metalik Barselona Red.
Digər yeniliklər arasında bürünc rəngli 17 düymlük təkər diskləri, habelə sarı, narıncı və qırmızı rəngli retro zolaqlar var. Salonda isə, ön paneldə avtomobilin məhdud seriyaya aid olduğunu bildirən emblem, oturacaqlarda isə bürünc tikişlər var.
Bonus olaraq, Toyota 4Runner modelinin ABŞ bazarında debüt ilinə təsadüf edən maraqlı hadisələri xatırladıb. Belə ki, həmin il “Ulduz Döyüşləri: Cedayın qayıdışı” filmi nümayiş etdirilmiş və ölkədə ən çox gəlir gətirən film olmuşdu. Billboard-100 cədvəlində birinci yeri The Police qrupunun Every Breath You Take mahnısı tutmuşdu.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.