Qarşıdan gələn 2023-cü model ili üçün Toyota şirkətinin amerikan bölməsi Corolla modelinin yerli çeşidinə yenidən nəzərdən keçirib. Əslində, tamölçülü yeniləmə həyata keçirilib, lakin Toyota nədənsə bu anlayışdan yan keçir. Reallıqda çoxlu sayda dəyişikliklər var. Məsələn, Corolla yeni bamperləri və radiator barmaqlığını alıb, özü də bu elementlər bütün versiyalarda, o cümlədən idman paketi olan avtomobillərdə dəyişdirilib.
Sadə sedanlarda indi üfüqi çubuqları olan barmaqlıqlar var, qalan modifikasiyalarda torşəkilli “qrilin” müxtəlif variasiyaları var. Korpusları eyni olsa da, LED faraların içalatı və gündüz hərəkət işıqlarının forması dəyişdirilib. Yeni dizaynı olan təkər diskləri də peyda olublar.
Bundan sonra ABŞ-da satılan bütün Corolla modelləri səkkiz düymlük ekranı, yenidən işlənmiş qrafikası və “hava” üzərindən yeniləmə funksiyası olan yeni nəsil media sistemi ilə (əvvəllər konfiqurasiyadan asılı olaraq yeddi və ya səkkiz düymlük displeylər var idi) təchiz ediləcəklər. Toyota Safety Sense elektron köməkçiləri kompleksi isə, ikinci versiyadan üçüncü versiyaya yenilənib.
141 at qüvvəli 1,8-litrlik baza mühərriki (onu yalnız sedanlarda quraşdırırdılar) və mexaniki transmissiya amerikan çeşidindən çıxarılıb. Çeşiddə variatorla tandemdə çalışan 171 at qüvvəli 2,0-litrlik atmosfer mühərriki və təkmilləşdirilmiş hibrid güc qurğusu qalıb.
Hibrid qurğunun tərkibinə daxil olan 1,8-litrlik benzin mühərriki əvvəlkidir, lakin gücü artırılmış elektrik mühərriki və daha səmərəli litium-ion batareyası peyda olub. Təəssüf ki, Toyota hələlik xaarakteristikaları açıqlamayıb. Bu günə qədər Corolla Hybrid 123 at qüvvəsinə malik idi.
Bundan əlavə, Toyota Corolla modeli ABŞ-da tam ötürmə ilə də təklif edilir. Lakin yalnız hibridlərdə tam ötürmə sistemi var: benzin-elektrik güc qurğusu olan sedanlar üçün arxa oxda quraşdırılan əlavə elektrik mühərrikini sifariş etmək mümkün olacaqdır.
Əvvəllər E-Four sistemi yalnız Yaponiya bazarında satılan Corolla modellərində quraşdırılırdı: orada arxa mühərrik 7,2 at qüvvəsi və 55 Nm hasil edir və əsasən hərəkətə başlayan zaman kömək edir. Amerikan versiyasının parametrləri hələlik açıqlanmayıb.
Yeri gəlmişkən, Corolla həm də paylayıcı qutusu, kardanı və muftası olan ənənəvi tam ötürməyə də malikdir. Bu, təkcə “qaynar” GR Corolla hetçbekinə aid deyil: 1,2-litrlik turbomühərriki (116 at gücündə) və tam ötürməsi olan Toyota Corolla Sport hetçbekləri yalnız Yaponiyada satılır və ixrac edilmirlər.
2023-cü model ilinin Corolla modellərinin ABŞ-dakı satışlarına yayın sonuna qədər start verilməlidir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.