Toyota şirkəti Century krossoverinin açıq versiyasının necə ola biləcəyinə eyham vurub. Yeni Toyota Century krossoverinin təqdimatı zamanı, bir neçə saniyə ərzində ekranda açıq kuzovlu Century krossoveri görüntülənib. Bu zaman, yapon istehsalçısının səhnədə çıxış edən top meneceri Saymon Hamfris modelin "məhdud olmayan imkanları" haqqında danışırdı və onun arxasındakı ekranda belə imkanlardan biri – kabriolet kuzovlu Century modelinin dizayner eskizi nümayiş etdirilib.
Toyota şirkəti artıq Century sedanını kabrioletə çevirmək təcrübəsinə malikdir. Belə ki, 2019-cu ildə avtomobil istehsalçısı Yaponiya imperatoru Naruhito üçün xüsusi olaraq yeganə nüsxədə inşa edilmiş Century kabrioletini buraxıb. Lakin belə bir sedanın açılıb-bağlanan damı yox idi və arxa oturacaq daha yüksəkdə yerləşirdi – bu, parad zamanı tamaşaçıların imperator və onun həyat yoldaşını daha yaxşı görməsi üçün edilmişdi. Odur ki, ən yüksək vəzifəli müştərilər üçün Century krossoverinin belə bir versiyasının buraxılması məntiqli görünür.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.