Bizim bazarda rəsmi olaraq satılmayan, lakin yerli alıcılara yaxşı tanış olan Toyota Avalon modeli, faktiki olaraq, bölük ölçülü Camry sedanıdır: ABŞ-da satılan 4980 millimetrlik sedan Toyota Camry modeli ilə eyni GA-K platformasında inşa edilib və eyni güc aqreqatlarına malikdir, lakin ondan geniş salonu və daha zəngin tərtibatı ilə seçilir. Avalon modeli ilkin olaraq amerikan bazarı üçün yaradılmışdı və hazırda burada sedanın 2018-ci ildə işıq üzü görən beşinci nəsli satışdadır.
Bununla belə, ən yaxşı illərində Avalon sedanı ABŞ-da 90-100 min alıcısını tapırdısa, indi modelə olan tələbat rekord aşağı həddə düşüb – 2020-ci ildə cəmi 18 min Avalon sedanı satılıb. Buna görə də, Toyota şirkəti 2022-ci model ilinin ABŞ-da satılan Avalon sedanı üçün son il olacağını bildirib. Sedan istehsalına son veriləcək və onun varisi olmayacaqdır.
İstefaya hazırlıq iki il bundan öncə debüt etmiş tam ötürməli versiyanın modifikasiya çeşidindən çıxarılması ilə başlanılıb. Bundan əlavə, ön ötürməli modifikasiyaların təchizat səviyyələri ixtisara salınıb – hazırda altı variant təklif edilir. Lakin 2022-ci model ilində yeniliklər də olacaq: məsələn, sedanın standart təchizatına adaptiv kruiz-kontrolu, avtomatik əyləcləmə sistemini, yol xətlərinə nəzarət və yol nişanlarını tanıma funksiyalarını özündə cəmləşdirən Toyota Safety Sense 2,5+ elektron kompleski daxil edilib.
Daha bir yenilik XSE Hybrid Nightshade Edition versiyasıdır. Bu versiya ön hissənin aqressiv dizaynı və arxa bamperdəki yalançı diffuzoru olan XSE modifikasiyasının əsasında inşa edilib, lakin Amerikada əksər Toyota modelləri üçün təklif olunan Nightshade paketini alıb. Nightshade paketi tərkibinə qara rəngli pəncərə haşiyələri və 19-düymlük təkər diskləri də daxil olan tünd rəngli eksteryer elementlərindən və salonun qara dekorunda ibarətdir.
Nightshade paketi yalnız 218 at qüvvəli hibrid güc qurğusu ilə təchiz edilmiş sedan üçün təklif olunur. Ən qəribəsi odur ki, “qara” tərtibatı 3,5-litrlik V6 mühərriki və 8-pilləli “avtomat” ilə təchiz edilmiş sedanlar üçün sifariş etmək mümkün deyil. Lakin bunun o qədər də böyük əhəmiyyəti yoxdur, çünki Avalon modeli 2022-ci ilində amerikan çeşidindən çıxarılacaqdır.
Amma bu Avalon modelinin sonu demək deyil – sedan konveyer həyatını Çində davam etdirəcəkdir! 2018-ci ildən başlayaraq FAW-Toyota birgə müəssisəsi Avalon sedanını Çin bazarı üçün istehsal edir. Lakin Çin üçün buraxılan Avalon sedanı fərqli mühərrik çeşidinə malikdir. Əvvəllər sedan 2,0-litrlik mühərriklə də təchiz olunsa da, hazırda yalnız 2,5-litrlik atmosfer mühərriki ilə təklif edilir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.