Toyota Avropa bazarı üçün nəzərdə tutulmuş RAV4 modelinin təkmilləşdirilmiş versiyasını təqdim edib. Qeyd etmək gərəkdir ki, Avropada satılan Toyota RAV4 krossoveri bu yaxınlarda - keçən ilin payızında yenilənib. Yapon markasının ən populyar modellərindən biri olan RAV4 modeli proyektor linzaları olan yeni LED fənərlərə, USB-C portlarına və ofroud dekoru olan Adventure versiyasına sahib olub.

Lakin 2023-cü model ili üçün Toyota bir sıra təkmilləşdirmələr etmək qərarına gəlib, buna görə də, üçüncü rübdən başlayaraq bütün krossoverlər yeni multimedia sistemi, rəqəmsal cihazlar paneli və təkmilləşdirilmiş Safety Sense təhlükəsizlik sistemləri kompleksi ilə təchiz ediləcəklər.

Yeni 10,5-düymlük mərkəzi displey əvvəl RAV4 modelidə quraşdırılan səkkiz düymlük variantı əvəzləyəcək və krossover üçün standart olacaqdır. 12,3-düymlük rəqəmsal cihazlar paneli isə, dörd tərtibat variantında təklif olunacaqdır. Eyni zamanda, virtual cihazlar paneli də, başlanğıc versiya istisna olmaqla, bütün versiyaların standart təchizatına daxil ediləcəkdir.

Multimedia sistemi Android Auto, Apple CarPlay tətbiqlərini və səslə idarəetməni dəstəkləyəcəkdir. O, həmçinin tıxaclar və pulsuz parklama yerləri haqqında məlumatlara girişi təmin edən bulud naviqasiyasına malik olacaqdır. Əlavə ödəniş qarşılığında, yol nişanlarını, ekoloji zonaları tanıyan və hava dəyişiklikləri barədə xəbərdarlıqlar göndərən quraşdırılmış naviqasiya sistemi də təklif ediləcəkdir.

Toyota Safety Sense elektron köməkçilər dəstinin funksionallığına da dəyişiklər edilib. Beləliklə, Pre-Collision System toqquşmadan yayınma funksiyası kəsişmələrdə avtomobilləri və piyadaları aşkar etməyi öyrənəcəkdir. Bundan əlavə, qəfil maneələrdən qaçmağı asanlaşdıran yeni köməkçi - Emergency Steering Assist yardımçısı da peyda olacaqdır. Plagin (PHEV) hibridlərdə sistem velosipedçiləri və park edilmiş avtomobilləri aşkar edir.

Nəhayət, RAV4 kuzovun rəng palitrasına qara dam ilə uyğunlaşdırılan ağ mirvari rəngi - Platinum White Pearl çaları əlavə olunacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt

Avropada, Toyota RAV4 krossoveri 6-pilləli mexaniki ötürmələr qutusu və ya variator ilə tandemdə çalışan 2,0-litrlik benzin mühərriki (175 at qüvvəsi, 208 Nm), habelə 2,5-litrlik mühərrikə (218-222 at qüvvəsi, 221 Nm) əsaslanan Hybrid Dynamic Force hibrid güc qurğusu ilə təklif edilir. Modifikasiya çeşidinin ən yüksək pilləsində 18,1 kilovat-saatlıq batareyası olan və elektrik ötürməsi ilə 75 kilometr  məsafə qət edən 306 at qüvvəli RAV4 Plug-in Hybrid versiyası qərarlaşıb.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.