Toyota Motor şirkəti avtomobil istehsalında rekord artıma nail olduğunu bəyan edib. Reuters agentliyinin şirkət nümayəndələrinə istinadən verdiyi məlumata görə, dünyanın ən böyük avtomobil istehsalçısı nəhayət ki, pandemiyanın təsirindən qurtulmağa və istehsalı (əsasən Yaponiyadan kənarda) artırmağa müvəffəq olub. Yayın son ayının nəticələrinə görə, Toyota 2021-ci ilin avqust ayı ilə müqayisədə istehsal həcmini 44,3% artıraraq 766 683 avtomobilə çatdırıb. Beləliklə, avtomobil istehsalçısı nəinki planı yerinə yetirib və hətta bunu artıqlaması ilə edib.
Aylıq planların bir neçə dəfə pozulmasından sonra, Toyota şirkəti 700 mindən çox avtomobil istehsal etməyə müvəffəq olub - şirkətin avqust ayına olan hədəfi məhz bu idi. Bu hal, yapon avtomobil nəhənginin 2022-ci ilin sonuna qədər 9,7 milyon avtomobil yığmağa müvəffəq olacağına ümid verir: istehsaldakı uğursuzluqlara baxmayaraq, şirkət illik hədəfinə düzəliş etmək istəməmişdi.
Avqust ayında əldə edilən uğurun əsas səbəbi Çin hökumətinin pandemiya ilə bağlı məhdudiyyətləri tədricən aradan qaldırmasıdır. Bundan əlavə, bir ildən artıqdır davam edən avtomobil yarımkeçiricilərinin qıtlığı azalmaya doğru gedir.
Toyota avtomobil buraxılışını əsasən xaricdəki istehsal meydançalarının hesabına artırıb. Xaricdəki meydançalar istehsal həcmini keçən illə müqayisədə 65,1%, Yaponiyadakı müəssisələri isə cəmi 5,6% artırıb.
Əvvəla, şirkət Asiyada zavodları yarımkeçiricilər təmin etməyə müvəffəq olub, bununla belə, analitiklər perspektivlərə ehtiyatla yanaşırlar və böhranın başa çatdığını qəbul etmək istəmirlər: həm çip çatışmazlığı, həm də koronavirusun yayılması hələ də istehsala zərbə vura bilər. Buna görə də, Toyota şirkətinin oktyabr ayı üçün plan 800 min avtomobil təşkil edir - bu, orta aylıq göstəricidən 100 min ədəd azdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.