İspaniyanın km77.com nəşrinin jurnalistləri yeni Toyota Aygo X hetçbekini sınaqdan keçirmək qərarına gəliblər. Məlum məsələdir ki, bu sınaqlar çərçivəsində yığcam yapon hetçbeki “sığır testindən” də keçməli olub. “Sığır testi” gözlənilmədən qarşıya çıxan manedən qaçmaq üçün kəskin yerdəyişməni nəzərdə tutur. Sınaq meydançasında isə, avtomobil yola düzülmüş konuslara toxunmadan hərəkətin “əks zolağına” çıxmalı və yenidən öz zolağına qayıtmalıdır.
Avtomobilin orta statistk sürücü üçün təhlükəsiz sayılması üçün, o, “sığır” testini 77 km/saat həddində yerinə yetirməlidir. Lakin sınaqdan keçirilən avtomobillərin əksəriyyəti bu tapşırığın öhdəsindən gələ bilməyib ki, onların arasında Aygo X hetçbeki də var.
Yığcam önötürməli hetçbek 72 at qüvvəli üçsilindrli atmosfer mühərriki ilə təchiz edilir. Artırılmış klirensə və “ofroud” dəstinə baxmayaraq, hetçbek sırf şəhər avtomobilidir. Yeni Toyota Aygo X modeli açıq-aydın dönmə çatışmazlığına malikdir ki, bu xüsusiyyət ona maneədən yayınmağa kömək etsə də, təhlükəsiz şəkildə öz zolağına geri qayıtmağa ciddi şəkildə mane olur.
Bütün cəhdlərə baxmayaraq, yığcam krossover bu tapşırığı konusları vurmadan yalnız 70 km/saat həddində yerinə yetirməyə müvəffəq olub. Jurnalistlərin fikrincə, bunun əsas səbəbi ilk növbədə idarəetməyə deyil, qənaətcilliyə sazlanmış Michelin e-Primacy şinləridir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.