Avtomobil sənayesinin qlobal elektrikləşdirilməsinə tənqidi münasibəti ilə tanınan Toyota şirkəti nəhəng akkumulyator istehsalı müəssisəsini inşa edəcəyini bildirib. Yaponlar Şimali Karolinanın Qrinsboro şəhərində yerləşəcək zavoda 1,29 milyard dollar sərmayə qoyacaqlar. Yeni zavod Toyota Battery Manufacturing, Şimali Karolina (TBMNC) adlanacaq və yapon şirkətinin Şimali Amerikada buraxılan bütün elektromobillərini litium-ion batareyaları ilə təmin edəcəkdir.
Başlanğıcda, yəni 2025-ci ildə, müəssisə hər biri ildə 200 minə qədər elektrik avtomobilini akkumulyatorla təmin edə biləcək dörd istehsal xəttinə malik olacaqdır. Vaxt keçdikcə xətlərin sayı altıya qədər artacaqdır. Bu artım sayəsində müəssisə ildə 1,2 milyon avtomobil üçün akkumulyator blokları istehsal edə biləcəkdir. Plana əsasən, TBMNC zavodunda 1750 iş yeri yaradılacaqdır.
Müəssisəyə qoyulan sərmayə 1,29 milyard dollar təşkil edəcəkdir ki, bu da 2030-cu ilə qədər ABŞ-da innovativ akkumulyatorun inkişafına qoyulan 3,4 milyard dollarlıq investisiyanın bir hissəsi olacaqdır. Məqsəd - elektrokar və hibridləri müştərilər üçün daha əlçatan etməkdir. Belə ki, 2030-cu ilə qədər şirkət akkumulyatorların qiymətini 30 faiz azaltmağı planlaşdırır.
Toyota artıq bZ4X adlı ilk elektrik krossoverini təqdim edib, lakin TBMNC ilkin olaraq hibrid avtomobillər üçün akkumulyator blokalrının buraxılmasına üstünlük verəcəkdir. Toyota bZ4X modelinə gəlincə, onun istehsalına 2022-ci ildə başlanacaqdır. Toyota RAV4 modelinin “batareyalı” analoqu hesab edilən elektromobil damdakı günəş panellərinə, 217 at qüvvəsi hasil edən ikimühərrikli elektrik güc qurğusuna (top versiyada) və 450 kilometrlik yürüş ehtiyatına malikdir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.