Toyota şirkəti bZ4X elektrok krossoverlərinin sahiblərini onları istehsalçıya geri satmağı təklif edir. Söhbət, elektrokarın satışa çıxdıqdan sonra aşkar olunmuş təhlükəli defektdən gedir: kəskin dönmələr və əyləcləmələr zamanı avtomobilin təkərləri yerindən çıxa bilər. Nəticədə, minlərlə yeni buraxılmış elektrokar təmirə yollanıb, qalan elektromobillərin sahiblərinə isə, hələlik elektrik krossoverinin sükanı arxasına əyləşmək tövsiyyə olunmur. Toyota bu günə qədər problemin həllini tapa bilməyib.

Toyota şirkətinin qeyri-adi aksiyası haqqında məlumat Reddit şəbəkəsində peyda olub. İstifadəçilərdən biri şirkətin bZ4X sahiblərinə iki variantı təklif etdiyi məktub yerləşdirib.

Birincisi, onlar krossoveri özləri üçün saxlayırlar, əvəzedici avtomobil, onun üçün pulsuz yanacaq, həmçinin alınmış bZ4X üçün beş min dollar kompensasiya (və ya eyni məbləğdə kredit ödənişi) və pulsuz elektrik yükləmə müddətini 2024-cü ilin sonuna qədər uzadırlar. İkinci seçim isə, krossoveri istehsalçıya qaytarmaqdır.

Toyota nümayəndəsi poçt göndərişinin həqiqiliyini təsdiqləyib, lakin qeyd edib ki, “qaytarma şərtləri müştərinin yerindən və digər hallardan asılı olaraq dəyişə bilər”. Böyük marja ilə elektrik avtomobili alanlara isə, dəstək xidməti ilə əlaqə saxlamaları tövsiyə olunur.

Toyota bZ4X modeli bu ilin yazında debüt edib. Satışa çıxdıqdan iki ay sonra isə, yapon istehsalçısı elektrik krossoverini geri çağırıldığını elan edib. Təmirə 2 700 elektrokar göndərilib: Avropada - 2 200, ABŞ-da - 260, Yaponiyada - 110, Kanadada isə, 10 elektrokar.

Aksiya həmçinin Toyota bZ4X krossoverinin əkizi olan Subaru Solterra krossoverinə də təsir edib. Eyni hal Subaru krossoverində də baş verə bilər. Problemin aşkar olunmasından iki ay keçməsinə baxmayaraq, Toyota şirkətinin məktubu problemin həllinin hələ də tapılmadığını göstərir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.