Toyota şirkəti bir neçə ay əvvəl bazara çıxardığı ilk elektrik krossoverini - bZ4X modelini geri çağırdığını elan edib. Təkərlərdə aşkar edilmiş təhlükəli qüsur səbəbindən 2 700 elektrokar təmir edilməlidir: Avropada - 2 200, ABŞ-da - 260, Yaponiyada - 110, Kanadada isə 10 elektriokar geri çağrılacaqdır. Bu barədə xəbəri, Reuters agentliyi yayıb. Subaru şirkəti də bu kampaniyaya qoşulub: Toyota bZ4X modelinin əkizi olan Subaru Solterra krossoverinin də 2 600 nüsxəsi təmir edilməlidir.

Toyota bZ4X

İkili geri çağırmanın səbəbi krossoverlərin təkərlərinin yerindən çıxmasına gətirib çıxara biləcək istehsal xətasıdır. Yapon tənzimləyicisinin fikrincə, kəskin dönmələr və sərt əyləcləmələr təkərlərin çıxmasına gətirib çıxara bilər: bu manevrlər boltların boşalmasına səbəb ola bilər. Nəticədə, təkərlər laxlayaraq yerindən çıxa bilərlər.

Hələlik bu qüsur ucbatından baş vermiş qəzalar barədə məlumat daxil olmayıb. Bununla belə, tənzimləyici bZ4X və Solterra sahiblərinə krossoverləri təmir olunana qədər onlardan istifadə etməməyi məsləhət görür.

Subaru Solterra

Bununla belə, Yaponiya üçün belə tövsiyənin heç bir faydası yoxdur: buradakı geri çağırılan bütün avtomobillər sınaq sürüşləri və nümayişlər üçün nəzərdə tutulublar. Eyni şey ABŞ-a göndərilən bütün Solterra modellərinə də aiddir. Toyota nümayəndəsinin sözlərinə görə, aksiya istehsal edilən bütün avtomobillərə şamil edilmir, lakin yapon şirkəti ümumi istehsal həcmini açıqlamayıb.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.