Atalarımız “Gec olsun da, güc olmasın” deyimini sanki Toyota üçün söyləyiblər. Yapon istehsalçısı əsas gücünü hibridlərə yönəltdiyi bir zamanda, onun rəqibləri diqqətlərini digər istiqamətə - elektromobillərə yönəldiblər. Yapon istehsalçısı bu sahədə geridə qaldığını anlayaraq, irəlidə olan rəqiblərinə çatmağa çalışır. Artıq Toyota bZ4X elektrik krossoveri istehsala hazırdır və yapon istehsalçısı ictimayyət ilə yeni elektrokar barədə ətraflı məlumatla bölüşmək qərarına gəlib.
Avtomobilin mürəkkəb səslənən indeksi əslində asanlıqla açıqlanır: bZ hərf birləşməsi e-TNGA modul platformasında inşa ediləcək elektromobillər ailəsinə verilib və “beyond Zero” deməkdir - yəni, sıfır tullantı. “4” modelin iyerarxiyadakı yerinə, “X” isə onun krossover olduğuna işarə edir.
Ölçülərinə görə Toyota bZ4X modeli RAV4 krossoveri ilə müqayisə olunandır: elektrokarın uzunluğu 4690 millimetr (+ 90 millimetr), eni – 1860 millimetr (+5 millimetr), hündürlüyü isə, 1650 millimetrdir ( - 35 millimetr). Lakin 2850 millimetrə (RAV4 modelində bu göstərici 2690 millimetrdir) qədər uzadılmış təkər bazası sayəsində avtomobil başqa nisbətlərə malikdir. Düz döşməsi olan salonun həcmini isə Camry sedanı ilə müqayisə etmək olar.
Yeni e-TNGA elektrik platforması müasir ənənələrə uyğun olaraq yaradılıb: onun yığcam unifikasiya edilmiş mühərrik modulları (quraşdırılmış inventor və reduktorlar ilə) var, döşəmənin altında yerləşən batareya isə, kuzovun güc strukturuna inteqrasiya edilib. Ön tərəfdə McPheron dayağı, arxada isə ikiqat köndələn qolları olan asqı quraşdırılır.
Yeri gəlmişkən, bu platformanın yaradılmasında Subaru şirkəti də yaxından iştirak edib və 11 noyabr taixində təqdim olunacaq Subaru Solterra elektrokrossoveri də bu platformaya əsaslanır. Lakin Subaru mühəndislərinin ən böyük töhvəsi firma X-Mode ofroud rejimi olan tam ötürmə sisteminin tənizmlənməsidir ki, bu sistem bZ4X modelinə də qismət olub.
Daha bir maraqlı cəhət – “naqillərlə” idarə olunan opsional sükan mexanizmidir. Toyota belə sistemi tətbiq edən ikinci avtomobil istehsalçısı olacaqdır. İlk dəfə bənzər sistemi 2013-cü ildə Infiniti şirkəti seriya modelində tətbiq edib.
Sükan idarəetməsi bir neçə iş rejiminə malik olacaqdır, çünki valsız mexanizm istənilən ötürmə nisbətini tətbiq etməyə imkan verir və belə sistemlə təchiz edilmiş krossover sükan əvəzinə şturvala malik olacaqdır. Ən “kəskin” rejimdə sükan, bir dirənmədən digərinə qədər, yarım dövrədən az fırlanacaqdır.
Sükanın üzərinə qaldırılmış virtual cihazlar paneli bizə Peugeot avtomobillərindən tanışdır, lakin Toyota şirkətinin də belə bir təcrübəsi var: benzər quruluş yapon bazarında satılan Sienta mikrovenində mövcuddur.
Salonda çoxsaylı analoq düymələri var, lakin mediasistemin qabaqcıl səslə idarəetmə funksiyası mövcuddur. Yeri gəlmişkən, səslə klimat-kontrolu və şüşəsilənləri də idarə etmək mümkündür. “Hava” üzərindən yenilənmə təkcə multimedia sistemi üçün deyil, həm də Toyota Safety Sense elektron yardımçılar kompleksi üçün də əlçatandır.
Baza krossoveri ön ötürməyə və 204 at qüvvəli bir elektrik mühərrikinə malikdir. Maraqlıdır ki, tam ötürməli versiya o qədər də güclü deyil – onun hər biri 109 at qüvvəsi hasil edən iki eyni mühərriki (hər oxda biri) var. Bu ümumilikdə 218 at qüvvəsi edir. İşləmə gərginliyi 335 voltdur, daimi cərəyan terminalından yükləmənin maksimal gücü isə 150 kilovatdır. Batareyanın 80 faizinin doldurulmasına yarım saat gərəkdir.
1920 kiloqram çəkisi olan ön ötürməli krossover 100 km/saat həddinə 8,4 saniyəyə, 2005 kiloqram ağırlığı olan tam ötürməli versiya isə, 7,7 saniyəyə sürətlənir. Krossoverin yürüş ehtiyatı təxminidir və WLTP dövrünə əsasən 460 (tam ötürməli) və 500 (ön ötürməli) kilometr olmalıdır.
Əlavə ödəniş qarşılığında dam səthini tamamilə örtən günəş batareyasını sifariş etmək olar. Ən yaxşı halda, belə batareya ildə 1800 kilometr “pulsuz” yürüş məsafəsini təmin edəcəkdir. Məlum məsələdir ki, günəş paneli və panoram dam bir-birinə zidd opsiyalardır.
Toyota bZ4X modeli Yaponiya və Çində buraxılacaq, lakin bütün dünyada satılacaqdır. Çatdırılmalara 2022-ci ilin yarısında başlanmalıdır. Krossoverin ardınca Toyota elektromobillərin bütöv bir dalğasını buraxacaqdır – 2025-ci ilə qədər 15 model işıq üzü görməlidir ki, bunlardan yeddisi bZ ailəsindən olacaqdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.