Gələn həftə Cenevrə avtomobil sərgisində debütü gözlənilən Toyota C-HR krossoverinin fotoşəkilləri internetə sızmışdır. Təsvirlərdən göründüyü kimi, yeni krossoverin eksteryeri Frankfurt avosalonunda nümayiş etdirilmiş eyni adlı konseptin dizayn üslubunda hazırlanmışdır. Bu dəfə yapon istehsalçısı, demək olar ki, konsepti cüzi dəyişikliklərlə seriya avtomobilinə çevirməyi bacarmışdır. Seriya avtomobili konseptdə də olduğu kimi nazik radiator barmaqlığı, maraqlı forması olan iri ön fənərlər və aqressiv qabaq bamperi ilə seçilir. Eyni zamanda, geniş təkər tağlarını, plastikdən hazırlanmış kuzov haşiyəsini və güclü yatıqlıqlı ön şüşəni də göstərmək olar.
Krossoverə yan tərəfdən nəzər saldıqda, avtomobilin maili dam xəttinə, kiçik arxa pəncələrə və arxa qapıların gizli dəstəklərinə malik olduğu görünür. Toyota C-HR modelinin arxa hissəsinin dizaynı da maraqlı alınmışdır. Diqqət verərsiniz isə, dam xəttini davam etdirəm ənənəvi formalara malik olmayan arxa spoyleri və ox şəkilli arxa fənərləri müşahidə edə bilərsiniz.
Avtomobilin texniki xarakteristikaları açıqlanmasa da, onun TNGA platformasında yaradılmış digər avtomobillər kimi geniş mühərrik qammasına malik olacaqdır.
Prius hibrid avtomobili ilə eyni platformada yığılması, krossoverin hibrid güc aqreqatı ilə də təchiz ediləcəyindən xəbər verir.
Əvvəllər də xəbər verdiyimiz kimi, yeni modelin istehsalı, şirkətin Verso və Corolla modellərinin də buraxıldığı Türkiyədəki zavodunda təşkil ediləcəkdir. Bu məqsədlə müəssisənin əməkdaşlarının sayı üç min nəfərdən dörd minə qədər artırılacaqdır. Yapon şirkəti bu zavodun inkişafına 1,7 milyard avro sərmayə qoymaq fikrindədir ki, bu məbləğin də 350 milyonu CH-R modelinin istehsalına yönəldiləcəkdir. Model üçün nəzərdə tutulan güc aqreqatları Toyota şirkətinin Uelsdəki zavodunda istehsal ediləcəkdir. Hazırda bu zavodda Auris modelinin hibrid variantı üçün aqreqatlar buraxılır. Bundan başqa, bu müəssisədə Avensis, Corolla və Verso modelləri üçün nəzərdə tutulmuş benzin mühərrikləri də istehsal olunur.